Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə “Məzun Günü” keçirilib. Tədbirdə Kollec rəhbərliyi, professor-müəllim heyəti, qonaqlar və cari ilin məzunları iştirak ediblər.
“Məzun Günü” Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açıq elan olunub. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrundan canından keçən Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bu əlamətdar gün münasibətilə məzunları təbrik edərək xoş arzularını bildirib. ADMİU nəzdində Humanitar Kollecin ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd edən direktor kollecin fəaliyyəti, uğurları, təhsil sistemi haqqında məlumat verib. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq, qeyd edib ki, bu gün məzunlarımız Azərbaycan incəsənətinin inkişafına töhfələr verirlər.
Məzunları təbrik edən musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova onlara gələcək həyatında uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, son illərdə gənclər siyasətinə xüsusi diqqət yetirilir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir aparıcı qüvvədir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür.
“Nə yaxşı ki, bizim yüksək biliyə və təcrübəyə malik pedaqoji kadrlarımız var. Bu heyət sayəsində biz bu gün savadlı, təcrübəli məzunlar yola salırıq.”
“Məzun Günü”ndə tanınmış incəsənət xadimləri, məşhur simalar – Emil Bədəlov, İlkin Dövlətov, Yaqut Xəlilzadə, Yaşar Yusub və başqaları öz ifaları ilə məzunları təbrik ediblər. Kollecin tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Onların ifasında nəğməli səhnəciklər təqdim olunub. Tədbirin aparıcısı Toğrul Artın çıxışı və DJ Hamo ZeRin səsləndirdiyi rəngarəng musiqi “Məzun Günü”nü daha da əyləncəli edib.
Qeyd edək ki, bu tədris ilində ADMİU nəzdində Humanitar Kollecin 400-dən çox tələbəsi məzun olub.