Bakıda üç bacıya məxsus 333 min manatdan artıq pulu mənimsəyən "Referans Xaçmaz Tibb Mərkəzi"nin kardioloq həkimi Dilbər Həsənəliyevaya hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Dilbər Həsənəliyeva otel və tikinti biznesinə sərmayə qoymaq adı ilə üç bacıya məxsus 333.677,98 manat pulu alaraq mənimsəyib.
Dilbər Həsənəliyevanın anası Həsənəliyeva Tamilla İdris qızı Geologiya və Geofizika İnstitutunnda aparıcı elmi işçi, elmlər namizədi, dosent vəzifəsində çalışıb. O, anasının rəfiqəsi və iş yoldaşı Aytən adlı qadına Goranboyda otel və tikinti biznesinə yatırım etmək təklifini edib.
Aytən özü də Geologiya və Geofizika İnstitutunnda aparıcı elmi işçisidir. Zərərçəkmiş qadın Tamilla Həsənəliyeva ilə iş yoldaşı olduğuna və ona inandığına görə Dilbər Həsənəliyevanın təklifinə razılıq verib.
Aytənin 2005-ci ildə dünyasını dəyişən atası Nəriman Məmmədov Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 27 saylı evin 18 saylı mənzilinin satılaraq övladları arasında bölünməsini vəsiyyət edib. Həmin mənzil satıldıqdan sonra pullar Aytən, Gültən və Kübra bacıları arasında bölünüb. Bacılar 250 min manata yaxın vəsaiti bankların birində Aytənə etibarnamə vermək yolu ilə depozitə qoyublar.
Aytən də bacılardan xəbərsiz həmin vəsaiti çıxarıb və üstəlik öz adına 55 min manat kredit götürərək, Dilbər Həsənəliyevaya otel tikmək adı ilə verib. Dilbər Həsənəliyeva pulları ələ keçirdikdən sonra öz şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmənin qərarı ilə Dilbər Həsənəliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 8 il müddətinə azadlıqdan məhrum edilib.