I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1 cəhdi artıq başa çatıb. Hazırda imtahanın 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı davam edir.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün ümumilikdə 85150 nəfər qeydiyyatdan keçmişdi. Hazırda ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II cəhd) imtahanına qeydiyyatdan keçən abituriyentlərin sayı 30 min nəfərə yaxındır.
Elm və təhsil naziri Emin Əmrullayev yerli mətbuata müsahibəsində bildirib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq. Nazir plan yerlərinin 50 faizindən çoxunun dövlət sifarişli olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, ötən il qəbul planı 53 minə yaxın olub. Beləliklə bu il plan yerləri təxminən 7 min artıb.
Bəs ayrı-ayrı universitetlərdə qəbul planı necə olacaq?
Modern.az məsələni dəqiqləşdirmək üçün bir neçə universitetlə əlaqə saxlayıb.
Bu il ilk dəfə tələbə qəbulu elan ediləcək Qarabağ Universitetində qəbul planı 1000 nəfər üçün nəzərdə tutulub. Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədrisin keçirilməsi planlaşdırılır.
2024/2025-ci tədris ili üçün Azərbaycan Dövlər İqtisad Universitetinə (UNEC) bakalavriat səviyyəsinə 3755 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Universitetin Zaqatala filialına isə 400 nəfər qəbul ediləcək.
Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planında əvvəlki illərlə müqayisədə əhəmiyyətli dəyişikliklər və yeniliklər əksini tapıb. Bu dəyişikliklər təhsilin hər iki səviyyəsi üzrə tələbə qəbulu və ixtisas sayının artım dinamikası, eyni zamanda bakalavriat səviyyəsi üzrə ilk dəfə qiyabi təhsil formasının təşkilində özünü göstərir. Belə ki, BMU-nun bakalavriat səviyyəsində 36 ixtisas üzrə ümumilikdə 2285 plan yeri ayrılıb. Onlardan 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub. Ali təhsil müəssisəsinin magistratura səviyyəsində 20 ixtisas və 28 ixtisaslaşma üzrə ayrılan 215 yerdən 173-ü Azərbaycan, 42-si ingilis bölməsinin payına düşür.
Qəbul planına bakalavriat səviyyəsi üzrə əlavə edilən 7 yeni ixtisas sırasında "Biotexnologiya”, "Fizika”, "Kimya”, "Riyaziyyat”, "Nəqliyyat mühəndisliyi”, "Qida mühəndisliyi” və "Şərabçılıq” yer alır. Yeni ixtisaslara ayrılan yerlərə gəldikdə isə ingilis bölməsinin əyani təhsil formasında nəzərdə tutulan "Fizika”, "Kimya”, "Riyaziyyat” ixtisaslarının hər biri üzrə 30 yer nəzərdə tutulub. Azərbaycan bölməsinin əyani təhsil formasında tədris aparılacaq "Biotexnologiya” ixtisası üzrə 40, "Nəqliyyat mühəndisliyi” və "Qida mühəndisliyi” ixtisaslarının hər biri üzrə 30 yer ayrılıb. Azərbaycan bölməsinin əyani və qiyabi təhsil formasında tədris ediləcək "Şərabçılıq” ixtisası üzrə isə müvafiq olaraq 50 və 20 yer planlaşdırılıb.
Bakı Slavyan Universitetinin bakalavr pilləsi üzrə 1536 qəbul planı nəzərdə tutulub. Ali təhsil ocağından verilən məlumata görə, ötən tədris ilindən fərqli olaraq bu il tərcümə (Azərbaycan dili-fransız dili) ixtisası üzrə də yerlər ayrılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası üçün bu il 440 plan yeri ayrılacaq. Bunların 260-ı Azərbaycan bölməsi, qalanı rus bölməsi üçün nəzərdə tutulub. Akademiyadan verilən məlumata görə, bu il beynəlxalq münasibətlər (50 yer), dövlət və ictimai münasibətlər (50), hüquqşünaslıq (50 yer), politologiya (50 yer), davamlı inkişafın idarə edilməsi (40 yer), dövlət və bələdiyyə idarəetməsi (50 yer), iqtisadiyyat (50 yer), menecment (40 yer), kompüter elmləri (60 yer) ixtisasları üzrə qəbul aparılacaq.
Xəzər Universitetindən bildirilib ki, yeni tədris ilində universistetdə bakalavr pilləsi üzrə 1200 nəfər, magistr pilləsi üzrə 250 nəfər qəbul ediləcək.
Azərbaycan Texniki Universistetindən (AzTU) verilən məlumata görə, ali təhsil ocağının 2024/2025-ci tədris ili üçün qəbul planı 38 ixtisas və iki ikili diplom proqramı üzrə 2645 nəfər nəzərdə tutulub. Hər ixtisasa ayrılan yer müxtəlifdir. Ümumilikdə isə ixtisas üzrə yerlər 20-165 nəfər arasında dəyişir. İkili diplom proqramları Türkiyənin iki universiteti (Ankara və Qazi) ilə həyata keçirilir. Qəbul planında qeyd olunan ixtisaslar üzrə tədris müvafiq olaraq Azərbaycan, ingilis və rus dillərində aparılır.
Azərbaycan Dillər Universiteti (ADU) üzrə 2024/25-ci tədris ili üçün bakalavriat səviyyəsində 48 ixtisas üzrə 1740 yer, magistratura səviyyəsində 47 ixtisas üzrə 401 yer təsdiq olunub. Dövlət və ödənişli yerlərin sayı qəbul həyata keçdikdən sonra formalaşır.
Azərbaycan Tibb Universiteti (ATU) üzrə 1100 nəfər plan yeri ayrılıb. 600 nəfər tibb, 112 nəfər stomatologiya (12 nəfəri hərbi stomatoloq üçün), 85 nəfər ictimai səhiyyə, 118 nəfər hərbi tibb, 60 nəfər tibb bacısı, 40 nəfər fizioterapiya, 85 nəfər əczaçılıq ixtisasına qəbul nəzərdə tutulub.
Azərbaycan İdman Akademiyasında 2024/2025-ci tədris ilinə ayrı-ayrı ixtisaslar üzrə bakalavriat təhsil səviyyəsinə tələbə qəbulu üçün aşağıdakı plan təsdiq edilib. İdman menecmenti və kommunikasiya ixtisasına 75, bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasına 50, məşqçilik ixtisasına 550, fiziki tərbiyə və çağırışaqədərki hazırlır müəllimliyi ixtisasına 300, adaptiv bədən tərbiyəsi ixtisasına 100, ümumi fiziki hazırlıq ixtisasına 525, kütləvi-sağlamlaşdırıcı idman ixtisasına 200 yer ayrılacaq. Qeyd edək ki, bütün ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
2024-2025-ci tədris ilində ADA Universiteti üçün bakalavr proqramları üzrə 980 qəbul yeri, magistr proqramları üzrə isə 510 ayrılıb. Təqdim etdiyi proqramların sayını hər il artıran ADA İtaliya-Azərbaycan Universiteti çərçivəsində sözügedən akademik il üzrə Dizayn və Memarlıq, eləcə də Kənd Təsərrüfatı və Qida Elmləri üzrə yeni fakültələr elan edib.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) əmək bazarının tələbinə uyğun olaraq kadr potensialını təkmilləşdirmək mədsədi ilə təhsilin magistratura və bakalaviriatura pillələri üçün qəbul planında bir sıra dəyişikliklər etmişdir. Belə ki, ATMU-nun bakalavr pilləsində 11 ixtisas üzrə ümumilikdə 590 plan yeri ayrılıb. Bunlardan Azərbaycan bölməsi 435 yer əyani, 55 yer qiyabi, Rus bölməsi 50 yer əyani, İngilis bölməsi üçün isə 50 yer əyani nəzərdə tutulub. Magistr pilləsində isə 8 ixtisas və 13 ixtisaslaşma üzrə ayrılan 200 plan yerindən 150-si Azərbaycan, 30-u rus, 20-si ingilis bölməsinin payına düşür. ATMU-nun MBA proqramında isə 4 ixtisaslaşma üzrə ümumi 150 yer planlaşdırılıb. Qəbul planının bakalavr pilləsi üzrə əlavə edilən "Biznesin idarəedilməsi”, "Beynəlxalq ticarət və logistika” ixtisaslarının hər biri üçün Azərbaycan bölməsi 25 yer(əyani) nəzərdə tutulub. Magistratura səviyyəsi üzrə "Turizm və otelçilik” ixtisasının "Beynəlxalq turizm və ölkəşünaslıq” ixtisaslaşmasında Azərbaycan bölməsi 20 yer, rus bölməsi 10 yer, ingilis bölməsi 10 yer planlaşdırılır.
Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) sorğumuza cavab olaraq bildirib ki, tələbə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə iki istiqamətdə – "İslamşünaslıq” və "Dinşünaslıq” ixtisasları üzrə aparılır. İnstituta 2024/2025-ci tədris ili üzrə ödənişsiz əsaslarla "İslamşünaslıq” ixtisasına 42, "Dinşünaslıq” ixtisasına isə 36 nəfər olmaqla, 78 abituriyentin qəbulu nəzərdə tutulub. "İslamşünaslıq” və "Dinşünaslıq” ixtisasları üzrə minimum keçid balı 150 bal müəyyən edilib.
Azərbaycan Texnologiya Universitetinə (ATU) bakalavriat səviyyəsinə 1290 tələbə qəbulu nəzərdə tutulub. Bakalavriat səviyyəsi üzrə plan yeri ötən illə müqayisədə 180 yer çoxdur. Təsdiq edilmiş yeni qəbul planına əsasən 2024/2025-ci tədris ilindən ATU-nun mövcud ixtisaslarına aşağıdakı daha 7 ixtisas əlavə edilib: İnformasiya təhlükəsizliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, beynəlxalq ticarət və logistika, nəqliyyat servisi, sənaye mühəndisliyi, maşın mühəndisliyi, menecment. Bununla da universitetdə ixtisasların sayı 27-yə çatdırılacaq.
Lənkəran Dövlət Universitetindən verilən məlumata görə, ali təhsil ocağında yeni tədris ili üçün bakalavr pilləsində 2055 yer ayrılacaq. Bunun 1815-i əyani, qalanı qiyabi olacaq. Ən çox yer ayrılacaq ixtisaslar iqtisadiyyat, maliyyə, marketinq, mühasibat, ekologiya, sosial iş, turizm işinin təşkili (hər birinə 75 yer), aqronomluq, meşəçilik, torpaqşünaslıq və aqrokimya (85 yer) olacaq.
Azərbaycan-Fransız Universitetində (UFAZ) növbəti tədris ili üçün həmişəki qaydada yeni tələbələrin qəbulu həyata keçiriləcək. Bu il bakalavr səviyyəsi üzrə "Kimya” proqramı, magistratura səviyyəsi üzrə isə "Su ehtiyatlarının idarəedilməsi” proqramı yeni açılıb və həmin proqramlara da tələbələrin qəbulu nəzərdə tutulur. Məlumata görə, Universitet üçün aşağıdakı ixtisaslara tələbə qəbulu elan ediləcək:
Bakalavr pilləsində kompüter elmləri ixtisası üzrə 60 yer, kimya 40 yer, kimya mühəndisliyi 30 yer, geologiya və geofizika mühəndisliyi 30 yer, neft-qaz mühəndisliyi 30 yer ayrılacaq. Magistratura pilləsində isə fiziki fimya/kimya mühəndisliyi ixtisası üzrə 25 yer, data elmi və süni intellekt ixtisasına 40 yer, yer elmləri ixtisasına 30 yer, su ehtiyatlarının idarəedilməsinə ixtisasına isə 15 yer ayrılması nəzərdə tutulub.
Azərbaycan Universiteti yeni tədris ilində 1000-dən artıq tələbə üçün plan yeri açıqlayıb. Universitetdə aşağıdakı ixtisaslara qəbul olmaq mümkündür: informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat, turizm işinin təşkili, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, fəlsəfə, filologiya (Azərbaycan dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı), politologiya, regionşünaslıq (Avropa ölkələri üzrə), tarix, tərcümə (ingilis dili), muzey, arxiv işi və abidələrin qorunması, sosial iş.