İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Milliyol.az xəbər verir ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.
Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu.
Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul etdi.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
17.41
Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü bitib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
15.59
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.
Milliyol.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa Hava Limanında görüşüblər.