Bakının İkinci Alatava sakinləri hər gün Məhəmməd Xiyabani küçəsində dairəvi-köməkçi yolda təhlükə ilə üzləşirlər. Sakinlər bildirir ki, ikitərəfli yolda ayırıcı xətlərin olmaması qəza təhlükəsinə səbəb olub. “Demək olar ki, hər gün bu təhlükə ilə üz-üzəyik. Yola çəkilən ayırıcı xətlər pozulub. Bir neçə ildir ki, əlaqədar təşkilatlara bu barədə müraciət edirik. Amma nəticəsi yoxdur”, – deyə sakinlər bildirir.
Onların sözlərinə görə, məsələ ilə əlaqədar dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ediblər. “Bizə dedilər ki, gedin dərdinizi bu quruma deyin. Bəlkə 5 dəfə müraciət etmişik. Heç bir nəticəsi yoxdur. Bir yolu xətləmək nə çətin işdir axı? Hətta ona da razıyıq ki, icazə versinlər özümüz xətt çəkək. Hər gün ölümlə üz-üzə gəlmək olar?!”, – deyə şikayətçilər əlavə edib.
Sakinlər həmçinin əlavə edib ki, sözügedən yolun dar və ikitərəfli olmasına baxmayaraq ötmə əməliyyatını həyata keçirmək üçün nişanlama xətləri çəkilib. “Yol kifayət qədər dardır. Hər an qəza riski var. Belə bir vəziyyətdə gəlib yola ötmə əməliyyatı üçün nişanlama xətləri çəkiblər. Məsələ burasındadır ki, iş keyfiyyətsiz görülüb və xətlər pozulub. Bu isə qəza rtiskini daha da artırır”, – deyə sakinlər bildirib.
Mənbə: reportyor.info