Parlamentin sonuncu plenar iclasında deputat Vahid Əhmədov bildirib ki, Milli Məclisin əvvəlki iclaslarında Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”
“Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Niyə biz Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?”.
Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, Rəqabət Məcəlləsi 2 dəfə Milli Məclisdə müzakirə edilib.
“Lakin bu qanunun təşəbbüskarı var. 2008-ci ildən başlanan iqtisadi böhrandan sonra, iqtisadi şərtlər də dəyişib. Buna görə də, Rəqabət Məcəlləsi dəyişdirilməlidir”.
V.Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, bu qanunun təşəbbüskarı ölkə başçısıdır: ““Rəqabət Məcəlləsi haqqında” Qanun 2 dəfə Milli Məclisdə oxunuşdan keçib. 3-cü dəfə isə müzakirəyə çıxarılmadı. Müəyyən təkliflər oldu, nazirliklərlə razılaşdırılmışdı. Təəssüf ki, bu qanun 3-cü oxunuşa çıxarılmadı.
Parlamentin spikeri Oqtay Əsədovun verdiyi məlumata görə, qanun geri qaytarılıb. Hazırda üzərində işlər gedir”.
Deputatın sözlərinə görə, qanunun qəbul edilməsi ölkə üçün çox vacibdir:
“Cənab Prezidentin təsdiq etdiyi “Strateji yol xəritəsi”nin reallaşması üçün ciddi planlar nəzərdə tutulub. Ölkədəki haqsız rəqabətin aradan qalxması üçün “Rəqabət Məcəlləsi” qəbul olunmalıdır. Yəqin ki, qanuna müəyyən dəyişikliklər edildikdən sonra parlamentə göndəriləcək.
Bizim də yeganə istəyimiz qanunun qəbul olunmasıdır. Sahibkarlığın inkişafını, azad rəqabətin yaranmasını, inhisarçılığın aradan qalxmasını istəyiriksə, bu qanunu mütləq qəbul etməliyik. Biz demirik ki, qanun qəbul edilən kimi hər şey 100 faiz düzələcək. Amma qanunda elə maddələr, müddəalar var ki, bazarda müəyyən qədər bərabərlik yaradacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...