"Yeni Kaledoniyadakı etirazlara görə Parisin Azərbaycanı ittiham etməsi tamamilə absurd və əsassızdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Yeni Kaledoniyada baş verən etirazlarda Azərbaycanı ittiham edən Fransa daxili işlər naziri Jerald Darmanenin açıqlamasını şərh edərkən deyib.
Deputat bəyan edib ki, Yeni Kaledoniyada etirazçılara qarşı Fransa sərt tədbirlər görməkdədir:
"Ölən və həbs edilənlər var. Makron burada fövqəladə vəziyyətin tətbiqini təklif edib. Bütün bunlar onu göstərir ki, yeni kaledoniyalılar Parisin müstəmləkəçi siyasətinə artıq susmaq niyyətində deyillər. Bu əsasda da sistemli mübarizə yolunu tutublar. Azərbaycan neokolonializmə qarşı açıq şəkildə etiraz səsini ucaldan az saylı ölkələrdəndir".
Ekspert bildirib ki, Azərbaycan Prezidenti neokolonializmə qarşı mübarizə aparan dövlətlərin yanında olacağını vurğulayıb:
"Bu baxımdan, Bakı platforması formalaşdı. Müvafiq olaraq Azərbaycanın neokolonializm mövqeyi barədə Yeni Kaledoniyada açıq-aydın təsəvvürlər mövcuddur. Bu gün Yeni Kaledoniyada etirazçılar Azərbaycan bayrağını da dalğalandırır. Fransa Daxili İşlər Nazirliyi də guya başlanan prosesdə Azərbaycanın rolunun olduğunu iddia edir. Bu tamamilə əsassız ittihamdır. Azərbaycan hər zaman ayrı-ayrı xalqların istismar edilməsinə qarşı çıxıb. Bunu istismara məruz qalan bütün xalqlara münasibətdə sərgiləyirik".
Deputatın fikrincə, başlanan prosesdə Azərbaycanı ittiham etməklə Paris əslində diqqəti əsas məsələdən yayındırmağa çalışır:
"Bununla Paris Yeni Kaledoniya əhalisinə münasibətdə tutduğu qəddar mövqeyini gizlətməyə, ört-basdır etməyə çalışır. Əslində isə etirazların əsas səbəbkarı Parisin Yeni Kaledoniyadakı şovinist mövqeyidir. Yeni Kaledoniya əhalisi artıq bu əsarətə, istismara dözmək istəmir. Fransa neokolonializm siyasətindən imtina etməli və başqa xalqların işlərinə qarışmamalıdır. Sonda Fransa yeni reallıqları qəbul etmək məcburiyyətində olacaq".
Qeyd edək ki, bir müddətdir ki, Sakit Okeanda yerləşən Yeni Kaledoniyada Fransa Hökumətinin "seçki islahatı"na qarşı etiraz aksiyaları başlayıb. Baş verən iğtişaşlara cavab olaraq, Fransa adaya ordu yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban, 200-ə yaxın yaralı var. Polis 200-dən yuxarı etirazçını saxlayıb.
Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı bloklayıb.
Yeni Kaledoniya Fransa hökümətinin onları informasiya blokadasında saxlamaq üçün interneti tamamilə kəsə biləcəyindən və ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.
Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Bunun da təxminən 40%-ni və ya 112 min nəfəri yerli kanak xalqı təşkil edir.
Hazırkı iğtişaşlar 1980-ci illərdən bəri ən kütləvisidir. Daha sonra etirazlar dalğası 1998-ci ildə Numea Sazişinin bağlanması ilə söndürüldü. Bu sazişə əsasən, Fransa adalara daha çox siyasi muxtariyyət verməyə və yerli sakinlərə seçkilərdə iştiraka icazə verməyə razılaşdı.
Lakin bu sazişdən sonra mərhələli şəkildə adalara 40 mindən yuxarı Fransız vətəndaşı köçürülüb. 15 mayda isə Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Bu isə yerli əhalinin- kanakların seçkilərdəki səs payını daha da azaltmaq və onların müstəqillik arzularını həmişəlik boğmaq kimi dəyərləndirilir.
Nümayişçilər Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəfələrlə dəyişiklik etdiyini vurğulayaraq, bunu yolverilməz hesab edirlər. Onlar həmçinin bu dəyişiliklərin Numea sazişinə də zidd olduğunu bildirirlər.
Bu dövlət 1853-cü ildən Fransanın işğalında yaşayır.
Adalarda böyük nikel yataqları aşkar edilib. Bu yataqlar öz həcminə görə, dünyada üçüncü yerdədir.