Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRI Xalq Artısti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir.
Dövlətimizin başçısı mərasimdə çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
-Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının böyük oğlu Niyazinin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoymuşdur və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər. Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə vermişdir. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olmuşdur.
Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır. Onun əsərlərində Azərbaycan musiqi mədəniyyəti özünü büruzə vermişdir.
Niyazinin çox böyük ictimai fəaliyyəti də olmuşdur. O, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. Sovet İttifaqının ən böyük mükafatı – Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edilmişdir. Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik.
Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olmuşlar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olmuşdur, gözəl əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi və yenə də deyirəm, o, xalqımızı ləyaqətlə təmsil edirdi.
Azərbaycan dövləti öz mədəni irsinə həmişə böyük diqqətlə yanaşır. Biz görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadırıq, əbədiləşdiririk. Son bir neçə il ərzində şəhərimizin mərkəzində ardıcıllıqla görkəmli mədəniyyət xadimlərinin – Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun abidələri açılmışdır. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə Niyazinin abidəsi də açılır.
Niyazinin adı Azərbaycanda əbədiləşdirilib. Azərbaycan teleradio şirkətinin simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır, bu gün də Niyazinin möhtəşəm, çox gözəl və əzəmətli, eyni zamanda, bu əraziyə uyğun abidəsi açılır.
Onu da qeyd etməliyəm ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin yubiley tədbirləri dövlət səviyyəsində qeyd ediləcək. Bülbülün 120 illik, Tofiq Quliyevin, Cövdət Hacıyevin 100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək. Bütün bu əlamətdar tarixlər dövlətin tam dəstəyi ilə yüksək səviyyədə keçiriləcək.
Ümumiyyətlə, demək istəyirəm ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və bu gün də qoruyuruq.
Azərbaycan xalqı öz görkəmli nümayəndələri ilə fəxr edir. Fəxr edirik ki, bizim görkəmli mədəniyyət, incəsənət nümayəndələrimiz dünya miqyasında özlərinə yer tapa biliblər. Bu, əlbəttə, xalqımızın istedadını göstərir və onu göstərir ki, biz dünya mədəniyyət xəzinəsinə çox böyük və dəyərli töhfələr vermişik.
Bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə – mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir. Çünki bu, həm bu gün üçün, həm də gələcək üçün lazımdır. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan düzgün addımlardır. Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır.
Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun.
MilliYol.Az
Digər xəbərlər
loading...