Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə, hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24,6-26,7 manat arasında dəyişir. Təxminən 25 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında idi.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 25 gün ərzində unun topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib.
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına qədər olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5% ucuzlaşıb. Bəs görəsən un qiymətlərində olan ucuzlaşma çörəyin qiymətinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırda dünyada ərzaq buğdasının qiymətində ucuzlaşma müşahidə olunur:
“Ümumiyyətlə, dünyada ərzaq buğdasının qiyməti ucuzlaşır. Bunun da əsas səbəbi odur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukrayna dünyanın kənd təsərrüfatı məhsulları bazası kimi ərzaq zəncirindən çıxdı. Bu isə 2022-ci ildə ərzaq təlatümünə səbəb oldu və ərzaq buğdasının qiyməti bahalaşdı. Bunu kompensasiya etmək üçün dünya bazar iqtisadiyyatı modeli ilə işləyir və buna görə də Ukraynanın itirilməsidən sonra zəncirin digər halğaları ixracı artırdı. Məsələn, Rusiya ərzaq buğdası istehsalını son 3 ildə 100 faiz artırıb. Kanada, Meksika və ABŞ-ın da bu qəbildən olan ixrac göstəriciləri olduqca yüksəlib”.
Ekspert yaxın aylarda ölkədə çörəyin qiymətinin ucuzlaşacağını bildirib:
“Bu il də ərzaq buğdası dünya bazarına tələbatdan 20-30 faiz daha çox çıxarılacaq. Qarşıdakı aylarda biz ərzaq buğdasının dünya bazarında bir qədər də ucuzlaşdığını görəcəyik. Bütün bunlar maya dəyərinin aşağı düşməsinə səbəb olur. Unun da qiymətinin aşağı düşməsi məhz bununla bağlıdır. Bu baxımdan yaxın aylarda çörək və un məhsullarında ucuzlaşma olacağı gözlənilir. Lakin ölkəmizdə azad rəqabət mühiti olmadığı üçün və hazırda bu sahə inhisarda olduğundan ucuzlaşma tendensiyası tədricən özünü göstərir”.