Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fond indekslərinə sərmayə qoyduqdan sonra beş milyard dollardan çox gəlir əldə edib.
Bu barədə özəl olaraq ARDNF-dən Trend-ə bildiriblər.
Məlum olduğu kimi, 2012-ci ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelini şaxələndirmək məqsədilə səhm indeksləri vasitəsilə səhmlərə investisiya qoymağa başlayıb. Bu strategiyanın tətbiq edilməsindən bəri 31 mart 2024-cü il tarixinə gəlir 5,3 milyard dollar və ya 226 faiz təşkil edib. Xüsusi vurğulanmalıdır ki, ARDNF bütün növ aktivlər, o cümlədən səhmlər üzrə investisiya portfelinin şaxələndirilməsinə böyük əhəmiyyət verir.
Fond qeyd edib ki, əksər institusional investorlar, o cümlədən ARDNF, suveren fondlar və pensiya fondları, listinq edilmiş səhmlərə investisiya qoyarkən passiv idarəetmə strategiyasından istifadə edirlər.
Qeyd edək ki, ARDNF-nin fond indeksi strategiyası müəyyən şirkətlərin səhmlərinin aktiv seçimini deyil, 1400-dən çox şirkətdən ibarət qlobal indeksə daxil olan bütün səhmlərə onların bazar kapitallaşmasına mütənasib olaraq passiv investisiya qoyuluşunu nəzərdə tutur.
"Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya etmək əvəzinə, "MSCI World” kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan "MSCI World” indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1465 şirkətin (bu şirkətlərin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır) səhmlərini özündə birləşdirir", - deyə qeyd olunub.
"MSCI World” indeksinin izlənilməsi üzrə göstəricilər (31 mart 2024-cü il tarixinə)
Qeyd etmək lazımdır ki, "MSCI World" indeksini izləməklə yanaşı, ARDNF-nin 1,6 milyard ABŞ dolları həcmində hissəsini "MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlər təşkil edir.
"Son zamanlarda mediada çıxan xəbərlərlə əlaqədar olaraq bildirmək istərdik ki, Tesla və İntel səhmləri ARDNF-nin portfelinə daxil edildikdən sonra (İntel səhmləri 2012-ci ildən - portfel yarandığı gündən, Tesla isə 2013-cü ildən - "MSCI World” indeksinə daxil olunduğu tarixdən etibarən) həmin səhmlərin ARDNF-nin portfelindəki çəkiləri MSCI indeksindəki eyni səhmlərin çəkilərinə uyğun olub. Ümumiyyətlə, səhm indeksi hər hansı region, ölkə, sektor və digər amillər üzrə birjada kotirovka olunan şirkətləri ehtiva etməklə müvafiq bazarı özündə əks etdirən səhm toplusudur. Bu indekslərə nümunə olaraq "S&P 500” (ABŞ səhm bazarının 500 ən iri həcmli şirkəti), "STOXX Europe 600” (Avropanın inkişaf etmiş ölkələrinin 600 kiçik, orta və iri həcmli şirkəti), "NASDAQ 100 Technology Sector” (100 ən böyük texnologiya şirkəti) göstərmək olar", - deyə Fonddan qeyd ediblər.
"MSCI World” indeksinin ölkələr və sektorlar üzrə bölgüsü (31 mart 2024-cü il tarixinə)
"Qeyd edək ki, passiv idarəetmə çərçivəsində indeksin izlənilməsi dedikdə, indeksə daxil olan səhmlərə onların indeksdəki çəkilərinə müvafiq olaraq investisiya etməklə səhm portfelinin qurulması nəzərdə tutulur. Əlavə olaraq bildirmək istərdik ki, ARDNF Birja ticarəti fondları (ETF - Exchange Traded Funds) və ya müştərək fondlara (mutual funds) yatırım etmir, indeksə daxil olan şirkətlərin səhmlərini birbaşa alır", - deyə ARDNF-dən bildiriblər.
ARDNF-nin İnkişaf etmiş ölkələrdə kotirovka olunan səhm investisiyaları üzrə əsas göstəricilər və gəlirlilik (31 mart 2024-cü il tarixinə)
"Bir daha vurğulamaq istərdik ki, ARDNF individual səhmləri seçməklə spekulyativ və ya riskli strategiyanı deyil, bir çox institusional investorlar kimi daha konservativ, diversifikasiyanı təmin edən passiv idarəetmə strategiyasını həyata keçirir", - deyə bildirilib.
Digər xəbərlər
loading...