Azərbaycanlı iş adamı Emin İmanovun "Qalatasaray”dan ayrılacağı xəbərinə reaksiya verilib.
Belə ki, tanınmış jurnalist İbrahim Nəbioğlu bu barədə özünün "Facebook” səhifəsində Emin İmanovla söhbətləşdikdən sonra məlumat paylaşıb.
Qeyd edilib ki, jurnalistlərin gördüyü siyahı "Qalatasaray” İdman Klubu Dərnəyinin idarəetmə siyahısıdır:
"Hər yeni idarə heyəti 2 ildən bir keçirilən seçkilərlə gəlir. Bu, prezidentimiz cənab Dursun Özbek tərəfindən açıqlanan siyahıdır. Bundan əlavə, "Qalatasaray Sportif A.Ş.” adlı bir şirkət var, bu şirkətin 69%-i "Qalatasaray” İdman Klubu Dərnəyinə məxsusdur və 31%-i birjaya açıqdır.
"GS Sportif A.Ş.” idmanın bütün sahələrinə aid ticarət və sənaye fəaliyyətləri və investisiyalar etmək üçün qurulmuş bir şirkətdir. "Qalatasaray Sportif A.Ş.” giriş haqları istisna olmaqla, media, sponsorluq, lisenziyalı məhsullar və reklam fəaliyyətləri daxil, "Qalatasaray” Peşəkar Futbol Komandası ilə bağlı bütün kommersiya əməliyyatları üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkətin fəaliyyətinə "Qalatasaray” markalı məhsulların satışı və marketinqi və sponsorluq müqavilələri, həmçinin beynəlxalq yarışlardan əldə edilən gəlirlərin idarə edilməsi daxildir. Bu şirkətin idarə heyəti klubun prezidenti tərəfindən təyin edilir.
Beləliklə, Emin İmanov hazırda "Qalatasaray Sportif A.Ş.”nin idarə heyəti üzvüdür və heç nə dəyişməyib”.