Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.
MilliYol.az xəbər verir ki, Konstantin Kosaçov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin salamlarını dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Valentina Matviyenko və Vyaçeslav Volodinə çatdırmağı xahiş etdi.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdıran Konstantin Kosaçov bu tədbirə böyük beynəlxalq marağın olduğunu vurğuladı. Qonaq Forumda Azərbaycan Prezidentinin dərin məzmunlu çıxışının önəmini qeyd etdi və bildirdi ki, dövlətimizin başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Qoşulmama Hərəkatının fəaliyyəti, neokolonializm və digər mövzular barədə fikirləri müasir şəraitdə böyük aktuallıq kəsb edir. Konstantin Kosaçov vurğuladı ki, Azərbaycanın beynəlxalq səviyyədə çox layiqli yer tutması sevinc doğurur və bu da öz növbəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində vacib amillərdən birinə çevrilir. O, Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfərinin çox uğurlu keçdiyini qeyd etdi. Konstantin Kosaçov Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığını deyərək Bakıya hər dəfə gələrkən paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirdi.
Dövlətimizin başçısı beynəlxalq dialoq sahəsində mühüm platformalardan birinə çevrilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev bu yaxınlarda Moskvaya səfərinə toxunaraq həmin səfərin çox səmərəli olduğunu və müttəfiqlik münasibətlərimizin strateji xarakterini bir daha nümayiş etdirdiyini vurğuladı.
Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşünü xüsusi vurğuladı. Görüşdə hələ sovet dövründə bu layihənin əleyhinə çıxış edən bəzi qüvvələrin olmasına, çoxsaylı texniki, bürokratik və təbii maneələrə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində çalışdığı zaman Baykal-Amur Magistralının həyata keçirilməsində müstəsna xidmətlərinin qeyd edildiyini məmnunluq hissi ilə bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Rusiyanın iki qonşu dövlət kimi bir-birinə qarşılıqlı dəstək, hörmət, ikitərəfli və çoxtərəfli məsələlərin həlli ilə bağlı maksimal qarşılıqlı fəaliyyət göstərdiklərini vurğuladı. Azərbaycan Prezidenti qeyd etdi ki, Rusiya təhlükəsizliyin təmin olunması məsələsində təkcə regionda deyil, daha geniş məkanda mühüm rol oynayır. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin daim yüksələn xətlə inkişaf etdiyini deyərək bunu Cənubi Qafqazda, daha da geniş coğrafiyada regional inkişafın mühüm amili kimi dəyərləndirdi.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik rəhbərliyi zamanı, eləcə də hazırda bu təsisatın “sədrlik üçlüyünə” daxil olduğu dövrdə bir çox mühüm təşəbbüslərlə çıxış etdiyini bildirərək, vacib məsələlərlə, o cümlədən neokolonializmlə bağlı böyük səylər göstərdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın həm ölkəmizdə, həm də ölkəmizdən kənarda bu mövzu ilə əlaqədar tədbirlər keçirdiyini bildirərək bundan sonra da neokoloniazatorların keçmişdə və müasir dövrdə törətdiyi cinayətlərin, onların digər ölkələrə və xalqlara qarşı həyata keçirdikləri ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcəyini dedi.
Görüşdə iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olundu. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiya Dövlət Dumasının inzibati binasında Dumanın sədri Vyaçeslav Volodinin iştirakı ilə sərginin təşkilinin əhəmiyyəti qeyd edildi.
Son dövrlərdə Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın inkişafından və Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluq ifadə olundu, iki ölkənin şəhərləri arasında uçuşların sayının artması müsbət amil kimi qiymətləndirildi. Dövlətimizin başçısı bildirdi ki, COVID-dən öncəki turizm sayının və göstəricilərinin bərpa olunması artıq realdır.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa toxunuldu, bu xüsusda ölkəmizdə rus dilinə göstərilən qayğı və məktəblərdə rus dilinin tədrisi vurğulandı.
Görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıldı.
12.26
Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.
MilliYol.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.