11 mindən artıq itkin ailəsindən bioloji nümunə götürülüb.
APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, Vətən müharibəsində əldə edilmiş Böyük Zəfərdən sonra itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması işlərinə başlanıb:
“Azad olunmuş ərazilərdə qazıntı işləri aparılır və bununla bağlı ictimaiyyətə məlumat verilir. Azərbaycanda ən böyük itkin ailəsi Dövlət Komissiyasıdır. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin aydınlaşdırılması üçün səylərini davam etdirəcək. Bu sahədə BQXK Dövlət Komissiyasına yaxından dəstək verir. 73 nəfər itkinimiz barədə bu gün ictimaiyyətə məlumat veriləcək. 73 nəfər iki istiqamət üzrə müəyyən olunub. Biri respublikanın ayrı-ayrı şəhər və rayonlarında tanınmadan dəfn edilən naməlum məzarlardan çıxan meyit qalıqlarıdır. Bakıda Şəhidlər xiyabanında 13 nəfər tanınmadan dəfn edilib. Ağdam rayonu Sarıcalı kəndi üzrə 3 nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər Xiyabanında olan naməlum məzarlarda basdırılmış 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayon Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşidirilib”.