Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla bağlı sensasion məlumat daxil olub.
AFN-ə danışan məlumatlı mənbənin sözlərinə görə, icra başçısı rayonda kortejlə gəzir: “Rayonda elə bir vəziyyət yaradılır ki, sanki prezident gəlir. Yollarda hərəkət dayandırılır, DYP maşınlarının müşayiəti ilə icra başçısının 59 AA 001 nömrə-nişanlı, BMW markalı avtomobili ya evindən icra hakimiyyətinə, ya əksinə, ya da hansısa obyektə gedir. Özünün də yanında 5-6 nəfər mühafizəçi olur. Bizə aydın deyil, Müstəqim Məmmədov özünü kimdən qoruyur. Sərhəd zonasıdır, ermənidən ehtiyat edirsə, o zaman zirehli avtomobildə gəzməsi kifayətdir. Rayonun ortasında onu ermənilər gəlib öldürəsi deyillər ki. Yox yerli camaatdan qorunursa, niyə? Bəlkə kiməsə pislik edib, ondan qorxur? Əslində əlindən gəlməyən iş deyil pislik əməlləri, amma hələ Azərbaycanda elə hal olmayıb ki, hansısa icra başçısı kiməsə etdiyi pisliyin cavabını qarşı tərəfdən alsın. Amma təcrübədə çox olub ki, prezidentin dediyinin əksinə hərəkət edən icra başçıları vəzifədən alınsın”.
Xatırladaq ki, bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyev mühüm dövlət tədbirində çıxış edərək məmurlara özlərini sadə aparmağı tapşırdı: “Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".
Mənbə: afn.az
Digər xəbərlər
loading...