Tramp İrana sadə bir dövlət kimi yanaşmamalıdır
Bu sözləri Axar.az-a ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiqi barədə qətnamənin daxil olmasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq sözügedən qətnaməni uğursuz gediş adlandırıb:
“Trampın hədəfində olan iki dövlətdən biri Çindirsə, digəri İrandır. Trampın Rusiya ilə mübarizəni və Avropa ilə bağlı amilləri kənara qoyub, birbaşa İranı təhdid etməsi heç yaxşı hal deyil və çox böyük təhlükələrdən xəbər verir. İran son zamanlar Qərblə münasibətlərini yaxşılaşdırmaq xətti götürüb. Üstəlik, Avropa ölkələri ilə münasibətləri də qaydasına düşməyə başlamış, neft satışı bərpa edilmişdi. İndi Trampın birdən-birə qaşınmayan yerdən qan çıxartmağa çalışması çox ciddi qarşıdurmalara gətirib çıxara bilər. Bu məsələdə İsrailin qızışdırıcı mövqeyi az rol oynamır. Trampın İsrailə olan münasibəti həddindən artıq yüksək səviyyədədir. O, nüvə silahına can atması barədə hay-küyləri yenidən gündəmə gətirməklə İranın İsrail və bir sıra ölkələr üçün təhdid yaratdığını bəhanə edir. Bu qətnamənin senatdan keçəcəyini təxmin etmirəm. Çünki ABŞ Konqresində bu məsələ ilə bağlı kifayət qədər ehtiyatlı və İranla münasibətləri korlamaq istəməyən adamlar var. İrana qarşı hərbi gücdən istifadə çox ciddi fəsadlar törədə bilər. Nəzərə alaq ki, İranın Rusiya və Çinlə çox sıx əlaqələri var. Ona görə də Tramp İrana sadə bir dövlət kimi yanaşmamalıdır”.
Qeyd edək ki, Nümayəndələr Palatasının Florida ştatından olan deputatı Elsi Hastinqs ABŞ Konqresinə “İrana qarşı gücdən istifadəyə icazə” adlı qətnamə təklif edib. Qətnamədə bildirilir ki, prezident İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün, lazım gələrsə, Birləşmiş Ştatların Silahlı Qüvvələrindən istifadə edə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...