Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov ölkəyə gəlib-gedən gəmiləri, bu gəmilərdə yük daşıyan sahibkarları incidir
Bu barədə AFN-in redaksiyasına məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, T.Ziyadov limana daxil olan gəmilərdən azı 10-15 min manat rüşvət almasa onlara oturum izni, yaxud müvafiq sənədləri vermir. “Gəminin gömrük ödənişləri bir yana, Taleh Ziyadovun aldığı pullar da başqa bir “haqdır” deyə mənbəmiz bildirir. Məlumatda həmçinin qeyd edilir ki, ölkə başçısının ötən ilin martında imzaladığı Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması haqqında sərəncam da icra olunmur: “Guya ərazidə xüsusi iqtisadi zona yaradılmaqdadır, amma oralar səhraya oxşayır, heç real iş gözə dəymir”.
AFN xatırladır ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 2015-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Saytımızın araşdırmaları zamanı ortaya bir sıra ciddi faktlar çıxıb. Əvvəla, ölkənin liman xidmətləri sahəsində olduqca mühüm rol oynayan bir qurumun elektron saytı yoxdur. Daha doğrusu, axtarış sistemində limanın veb ünvanı olaraq qeyd edilən bakuseaport.az və bakuport.gov.az saytları işlək vəziyyətdə deyil. Bu durumda, təbii ki, QSC-nin fəaliyyəti, üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı məlumat almaq problemə çevrilir. Üstəlik, T.Ziyadovun fəaliyyətindəki qaranlıq məqamlar təsdiqini tapmış olur. Liman büdcəyə nə qədər vəsait ödəyir? QSC vasitəsilə ölkəyə nələr gəlir, hansı yüklər və nə qədər yük daşınır, nə qədər sərnişin daşınır, gündə neçə gəmi qəbul edilir və yola salınır, dənizlə səfər etmək istəyən insanlar hara müraciət etməlidir? Bütün bu suallara ölkə qanunvericiliyinə uyğun olaraq, limanın internet resursunda yerləşdirdiyi statistik məlumatların, hesabatların araşdırılması zamanı aydınlıq gətirmək olar, o da ki, mövcud olmadığı üçün bu suallar hələ də cavabsızdır. Onu da xüsusilə vurğulamaq yerinə düşər ki, dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsi məsələləri müvafiq qanunlar və prezident sərəncamları ilə tənzimlənir.
Müşahidələrimiz göstərir ki, T.Ziyadov internet resursu yaratmaq, ictimaiyyət üçün gərəkli olan və qanunların tələb etdiyi informasiyaları bölüşmək, hesabatlılığı təmin etmək əvəzinə dövlət vəsaitlərindən istifadə etməklə özünüreklamla məşğuldur. Bunu AFN-ə daxil olan bir məlumat da təsdiq edir. Belə ki, məlumata görə, T.Ziyadov bir sıra KİV-lərlə, o cümlədən “ASAN Radio” ilə qeyri-rəsmi müqavilə bağlayaraq, özü haqda reklam materiallarının yayılmasını təşkil edir. Onun media ilə qaranlıq münasibətləri haqda geniş danışan mənbənin sözlərini müəyyən səbəblərdən dərc etmirik.
Redaksiyamıza daxil olan başqa bir məlumatda isə iddia edilir ki, prezidentin sərəncamı olmasına baxmayaraq, T.Ziyadov azad iqtisadi zonanın yaradılması üçün üzərinə düşən işi görmür. Belə ki, sərəncama əsasən , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyi ilə birlikdə altı ay müddətində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli olsa da, iddialara görə, QSC hələlik bu istiqamətdə bir iş görməyib.
AFN-in araşdırmaları zamanı da aydın olub ki, XTZ-nin yaradılması istiqamətində əməli tədbir demək olar reallaşdırılmayıb. Reallaşdırılsa da, bu barədə ictimaiyyətə məlumat verilməyib. Mediada yalnız hansısa hazırlıq, layihələndirmə, məsləhət və s. bu kimi işlərdən bəhs edən xəbərlər özünə yer alıb. QSC-nin saytının olmaması bu istiqamətdə işlərin hansı mərhələdə olduğu barədə məlumat almağa da imkan vermir. Ümid edirik ki, bütün bu qeyd edilənlər liman rəhbərliyi tərəfindən nəzərə alınacaq.
T.Ziyadovun üzərinə düşən işin öhdəsindən gələ bilməməsi ölkə rəhbərliyinin də diqqətindədir. Belə ki, yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gecikməsi ilə bağlı məsələyə toxundu: “Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.
Qeyd etdiyimiz kimi, qurumun vebsaytı və əlaqə vasitələri olmadığı üçün qarşı tərəf olaraq mövqe almaqda da çətinlik çəkdik. Bu üzdən qarşı tərəfin mövqeyini dərc edə bilməsək də, buna hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...