İki gün əvvəl Tiflisdə "Uşaq dünyası" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində azərbaycanlı sahibkarlar zərər çəkib
MilliYol.Az APA-ya istinadən məlumat verir ki, yanğın zamanı Tiflis, Qardabani və Marneulidən olan həmyerlilərimizin malları yanıb.
Araşdırma nəticəsində məlum olub ki, ticarət mərkəzində işləyən azərbaycanlılar əsasən qızıl-zinət məmulatları və geyim satışı ilə məşğul olublar. Geyim dükanlarının sahibləri malların böyük hissəsinin tamamilə yandığını bildiriblər. Qızıl satışı ilə məşğul olanlar isə mallar seyflərdə saxlanıldığını üçün nisbətən zərərsiz ötüşüblər.
Tiflisdə yaşayan azərbaycanlı sahibkar Teymur Calalov bildirib ki, yanğın nəticəsində Tiflisdə yaşayan həmyerlilərimizin malları tamamilə yanıb: “Tiflis və ətraf qəsəbələrdən olanların malları yanıb. Onlar zərərlə üzləşib”.
“Uşaq dünyası” Ticarət Mərkəzində çalışan Tamaz Bayramov isə bildirib ki, hadisə zamanı 100-dək azərbaycanlı sahibkarın müxtəlif malları yanıb: “Elektrik avadanlığı, kabel və lampa satışı ilə məşğulam. Böyük ziyanla üzləşmişik. Elə obyektlərimiz var idi ki, orada qarışıq mallar satılırdı. İndi hamı hökumətdən kompensasiya tələb edir. Çünki biz hər ay 1000-2000 lari kirayə haqqı verirdik. Ziyanla üzləşən sahibkarlar parlament və Tiflis meriyası binasının qarşısına toplaşıblar. Hər gün Ticarət Mərkəzinin qarşısına toplaşırıq, yekun son nəticəni gözləyirik”.
Gürcüstan televiziyasına müsahibə verən mərkəzin direktoru Giorgi Maçavariani yanğının qəsdlə törədildiyini bildirib. Tiflis meri David Narmaniya isə bəyan edib ki, sahibkarlara dəyən ziyanın həcmi yanğının səbəbləri araşdırıldıqdan sonra xüsusi komissiya tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, Tiflisdə yerləşən “Uşaq dünyası” Ticarət Mərkəzində yanğın 9 saat davam edib. Yanğının söndürülməsinə 26 yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində 13 min kv.m ərazi yanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...