Aİ missiyasının Ermənistanda qalma müddəti uzadıla bilər.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
“Aİ-nin müşahidə missiyası çox vacibdir” deyən baş nazir missiyanın guya Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı “obyektiv” məlumat verdiyini vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında Aİ ilə sazişi ratifikasiya edib. Müqavilə Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, həmçinin, bu ölkədəki missiyanın funksiyalarını aydınlaşdırır. Nümayəndəliyin üzvləri saxlanıla və ya həbs oluna bilməzlər və işçilər ev sahibi ölkədə cinayətlə bağlı təqib oluna bilməzlər. Aİ müşahidəçilərinin obyektləri də toxunulmazdır.
Bundan əlavə, avropalı müşahidəçilər gömrük prosedurları, viza və miqrasiya tələblərindən azaddırlar. Onlar ölkə daxilində sərbəst və məhdudiyyətsiz hərəkət hüququ əldə edirlər.
Aİ-nin Ermənistandakı monitorinq missiyası 23 yanvar 2023-cü ildə fəaliyyətə başlayıb. İşçilərin sayı ilkin olaraq 100 nəfər idi. Üstəlik, həmin il dekabrın 11-də onların sayının 209 nəfərə çatdırılması qərara alınıb.