Məhkəmədən gizləndiyi üçün həbs edilən 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva yenidən hakim qarşısına çıxarılıb.
"Qafqazinfo”nun məlumatına görə, 200 min manatlıq mənimsəmədə ittiham olunan Əliyeva konvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Tanınmış vəkilin şüşə qəfəs içindən ilk sözü yenidən azadlığa buraxılmasını istəməsi olub.
Hakimlər heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Xanım müttəhim və vəkili ilk olaraq vəsatət qaldıraraq həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. S. Əliyeva səhhəti ilə bağlı təcridxanada çətinlik çəkdiyini, bu səbəbdən yenidən ev dustaqlığına buraxılmasını xahiş edib: "Mən bilərəkdən məhkəmədən yayınmırdım. İstəyirdim ki, işimə düzgün baxsınlar. Sadəcə səhhətim imkan vermir. Hər dəfə məhkəməyə arayış göndərmişəm ki, xəstəyəm. İstintaqdan yayınmağın heç bir əhəmiyyəti yoxdur. İnanmırdızsa, ekspertiza keçirərdiz. Niyə məhkəmədən qaçım? Mən təcridxanada boğuluram. Xahiş edirəm, məni yenidən azadlığa buraxın, əks halda təcridxanadan meyitim çıxacaq”.
Prokuror təqsirləndirilən şəxsin məhkəmə istintaqının aparılmasına mane olduğunu, gizləndiyini xatırladaraq həbsdə qalmasının uyğun görüldüyünü deyib.
Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsin yenidən gizlənmə ehtimalını göz önünə gətirərək vəsatəti rədd edib.
S. Əliyeva qərardan narazı qalıb. Təqsirləndirilən vəkil hakimlərə etiraz edəcəyini deyib. Etiraz ərizəsini hazırlaması üçün ona aprelin 22-nə kimi vaxt verilib.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.