Azərbaycanda Vətəndaş cəmiyyətinin inkişafında Qeyri Hökumət Təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Təcrübəli təşkilatlar bu günə qədər bu istiqamətdə olduqca vacib layihələr icra ediblər. Əlbəttə, ölkədə çoxsaylı QHT-lər fəaliyyət göstərir və bu sistemdə yeni bir addım atmaq böyük məsuliyyət tələb edir.
Mən optimist adamam. Mümkün qədər pessimist düşüncə ilə bir işə əl atmaram. İki il əvvəl "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin təməli qoyulanda da reallığa, gücümüzə inanıb addım atmışdıq. Bu günə qədər gördüyümüz işlər öz gücümüz sayəsində inkişafa doğru gedib. Müxtəlif layihələr icra edirdik və əlbəttə, yeni bir təşkilat olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyini üzərimizdə hiss edirdik. Keçən il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqələrinin qaliblərindən biri də biz idik. Mümkün qədər bu layihəni uğurla başa vurduq. Bu il elan olunan müsabiqə qalibləri arasında yenə adımız vardı. Amma bu dəfə daha təkmil formada bu layihəyə start verəcək, keçən layihədə buraxdığımız səhvləri təkrarlamaqdan uzaq olacağıq. Çünki artıq kifayət qədər təcrübə var. Bu sahədə öyrənmək, təcrübə toplamaq, yeni fikirlər əldə etmək inkişaf üçün çox önəmlidir və hesab edirəm Agentlik öz görüşləri ilə buna şərait yaradır.
İki gün öncə Agentliyin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Müsabiqədə qalib olan QHT-lərin rəhbərləri ilə görüş mənə həm inkişaf istiqamətində, həm də gördüyüm işlərdə optimist olmağa bir daha təcrübə qazandırdı. Gördüklərim, eşitdiklərim Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bir QHT rəhbəri kimi işimizdə daha da məsuliyyətli olmağımıza bir çağırış idi. Dövlət bizə vəzifə verib, məsuliyyətli olmalıyıq.
Məni tanıyanlar yaxşı bilir ki, ağa ağ, qaraya qara deyən adamam və mümkün qədər də bu balansı qorumağa çalışıram. Bu yaşımdan sonra kimisə yalandan tərifləmək, yaltaqlanmaq, alqışlamaq xarakterimə ziddir.
İlk olaraq Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev dünən QHT sahəsində gələcəkdə yeni ideyalar və çağırışlar olacağına məni tamamilə əmin etdi. Administrasiya rəsmisi bundan belə vətəndaş cəmiyyətinin üzərinə düşən, edə bilinməsi vacib olan və bacaracağımız işlərlə DÖVLƏTimizə töhfə verəcəyimizi açıq şəkildə bildirdi. Tural Əliyev çıxışı zamanı dünəndən yox, gələcək üçün konkret işlərdən söhbət açdı, məsuliyyətimizi anlatdı, bu sahəyə verə biləcəyimiz töhfələr üçün yolları göstərdi.
Tural Əliyev çıxışından sonra sözü QHT rəhbərlərinə verməklə daha bir səmimi ortama vəsilə oldu. Onlardan təkliflərini səsləndirməyə, onları narahat edən suallara cavab tapmağa yaradılan şərait hər kəsin ürəyincə idi. Agentliyin icraçı direktoru Aygün Əliyevanın və Müşahidə Şurasının üzvü Zaur İbrahimovun suallara yerində və tam, aydın şəkildə cavab verməsi bu görüşün daha da məhsuldar keçməsi üçün çox münbit bir şərait yaratdı.
Zaman dəyişib, tələblər dəyişib, artıq hər sahədə konkretlik tələb olunur, elə QHT sahəsində də... Məncə, vətəndaş cəmiyyətinin qurucuları da buna açıq olmalıdırlar. Köhnə təfəkkürlərdən, qaranlıq icraçılıqdan, dələduzluqlardan uzaq durmalı, görəcəyimiz işlərlə dövlətimizin inkişafı naminə addımlar atmalıyıq. Biz isə bunu bacarmaq iqtidarında və əzmindəyik. Hesab edirəm ki, "Vətən Bağı" Sosial Təşəbbüslər İctami Birliyi Azərbaycanda vətəndaş cəmiyyətində iştirak etməklə həm dövlətin güclənməsində, həm də xalqımızın sosial və hüquqi inkişafında mühüm rol oynayacaq.
Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri