Azərbaycanın 5 paracüdoçusu Paralimpiya Oyunlarına lisenziya xalları verəcək və Türkiyənin Antalya şəhərində keçiriləcək Qran-pri yarışına buraxılmayıb.
MilliYol.az prosport.az-a istinadən xəbər verir ki, bunların arasında 4 qadın paralimpiya çempionlarımız da var. Belə ki, Dürsədəf Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva və Xanım Hüseynova tibbi təsnifatdan keçə bilməyib. J2 kateqoriyasında yarışmalı olan idmançıların gözündə görmə məhdudiyyəti aşkarlanmayıb. Onlar may ayında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək son lisenziya xalı verən Qran-pri yarışından öncə təkrar tibbi baxışdan keçəcəklər.
Bundan başqa, kişi paracüdo millimizin üzvü Kənan Abdullaxanlı da eyni aqibətlə üzləşib.
Beləliklə, bu gün və sabah keçiriləcək Qran-pridə 3 idmançımızın çıxışına icazə verilib. Bunlar digər paralimpiya çempionumuz Vüqar Şirinli (60 kq, J2), Zakir Mislimov (90 kq, J1) və Xatirə İsmiyevadır (+70 kq, J1). İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev isə bu yarışı zədəsinə görə buraxmalı olub.
Qeyd edək ki, fevralda Almaniyanın Haydelberq şəhərində keçirilmiş Qran-pri yarışına da Namiq Abaslı ilə Sevda Vəliyeva buraxılmamışdı.