Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb.
MilliYol.az xəbər verir ki, bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edilib.
Bildirilib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.
Əli Nağıyev qeyd edib ki, DTX-da icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması istiqamətində işlər görülüb. O bildirib ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.
DTX rəisi bildirib ki, Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq. Əli Nağıyev qeyd edib ki, DTX tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur:
"Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır. Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilmiş, onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunmuşdur. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaqdır. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcəkdir".