Ermənistan Gürcüstanla sərhəddə Lori vilayətinin Alaverdu rayonunda yerləşən Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırlaşır.
Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə yenidən sərhədlərin demarkasiyası məsələsini qaldırıb.
"Biz bu gün, həmçinin, Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin aktivləşdirilməsi imkanını müzakirə etdik", - Paşinyan deyib.
Nəşr Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan hansı ərazilərin demarkasiya olunacağını və Ciliza kəndinin buraya daxil olub-olmadığı ilə maraqlanıb.
"Baş nazir açıqlamasında müzakirənin aparıldığını bildirib. Ümumilikdə demarkasiyanın aparılmalı olduğu müzakirə olunub", - mətbuat katibi deyib.
Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən etibarən demarkasiya məsələsini müzakirə edirlər. 1996-cı ildə iki ölkə arasında delimitasiya və demarkasiya komissiyası yaradılıb, lakin komissiya passiv rejimdə fəaliyyət göstərir.