Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
MilliYol.az xəvər verir ki, təbikdə deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə inamlı qələbəniz dövlətçiliyin möhkəmləndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəlmiş kursa rusiyalıların yüksək inamından və fəal dəstəyindən xəbər verir.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər sabit inkişafı ilə seçilir. Sevindirici haldır ki, bu gün xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan bu əlaqələr müttəfiqlik münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla genişlənir və möhkəmlənir, onlara yeni məzmun əlavə olunur.
Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Rusiya hərtərəfli tərəfdaşlığının dərinləşməsinə, ikitərəfli gündəlikdə duran cari vəzifələrin həyata keçirilməsinə, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə bütün sahələrdə səmərəli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Rusiyanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
12.55
Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
MilliYol.az xəbər verir ki, Prezident İlham Əliyev Vladimir Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı iki ölkə arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.