"Toplum TV" işi ilə bağlı saxlanılanların apellyasiya şikayətlərinə baxılıb.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə "Toplum TV"nin təsisçiləri Ələsgər Məmmədli, Akif Qurbanov və digər şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərarlardan verilmiş şikayətlərə baxılıb. Məhkəmə şikayətləri təmin etməyib.
Xatırladaq ki, Toplum TV-nin təsisçiləri Akif Qurbanov, Ələsgər Məmmədli, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və digər şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.