Xaçmaz Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına rayonun Xuray kəndi ərazisində sağlamlıq-istirahət kompleksi tikməsinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, sağlamlıq-istirahət kompleksinin tikintisinə 21 fevral 2024-cü il tarixli 01/X saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 3 oktyabr 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-3266/2023 saylı, həmçinin 30 yanvar 2024-cü il tarixində tikinti layihəsinə dair 36806 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən sağlamlıq-istirahət kompleksinin tikinti sahəsi 1 165,6 kv. metr, ümumi sahəsi 4 045 kv. metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi və çardaq) olacaq.
Bundan başqa İcra Hakimiyyəti sağlamlıq-istirahət kompleksinin ərazisində hər birinin ümumi sahəsi 232,4 kv. metr olacaq 2 ədəd 2 mərtəbəli kottec tipli evin də tikintisinə icazə verilib.
Məlumat üçün bildirək ki, sağlamlıq-istirahət kompleksinin sifarişçisi olan Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri millət vəkili Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da sədrlik edir.
Onu da qeyd edək ki, Xuray kəndində “Təhsil İstirahət Mərkəzi” MMC adlı şirkətə məxsus mehmanxana da fəaliyyət göstərir. 2013-cü ildə dövlət qeydiyyatına alınan “Təhsil İstirahət Mərkəzi” MMC-nin nizamnamə kapitalı 17 milyon 209 min 386 manat 15 qəpik təşkil edir. Hazırda “Təhsil İstirahət Mərkəzi” MMC-nin dövlət büdcəsinə 219 min 158 manat 47 qəpik vergi borcu var.