Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir. Bu stimullaşdırıcı tədbirdir. Bir tərəfdən təhsil verənlərin öz üzərilərində çalışması, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir. Digər tərəfdən isə onların maaşlarının artırılması təsir göstərir.
MilliYol.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında deyib.
B.Əliyev qeyd edib ki, kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur.
"Bu da müəllimlərimizin 2026-cı ildən təqribən minimum əməkhaqqının 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir", - deyə komitə sədri bildirib.