Qəbul imtahanında riyaziyyat fənni üzrə adi məsələləri həll edə bilməyənlər, universitetdə oxuduqları vaxtlarda ali riyaziyyatdan imtahan verirlər. Nəticədə də xeyli tələbə imtahandan kəsilməmək üçün təkrar repetitor yanına getməli olur.
Mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyir ki, yüksək riyaziyyat bilikləri tələb edən ixtisasların keçid balı cəmi 200-dür.
Bakı Dövlət Universitetinin Geologiya və geofizika mühəndisliyi, Dövlət Neft və Sənaye Universitetinin Mühəndis fizikası, Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisliyi, hətta Milli Aviasiya Akademiyasının Aerokosmik mühəndisliyi üçün belə keçid 200 bal müəyyən edilib. Bu ixtisaslara yiyələnmək üçün ən vacib fənlərdən biri olan, həm də yüksək riyazi analiz tələb edən “Materiallar müqaviməti” fənninin tədrisi isə universitetlərdə cəmi bir neçə semester aparılır. Bu fənni öyrənmədən isə tikinti qaydalarını bilməkdən söhbət gedə bilməz.
Eskpert deyir ki, tədris yükünün tələblərinə cavab verə bilməyən tələbələr imtahanlardan kəsilirlər.
Statistika onu göstərir ki, aşağı balla qəbul olan tələbələrin universiteti bitirməsi illər çəkir.
Vüsal Kərimlinin fikrincə, keçid ballarının aşağı olmasının səbəbi plan yerlərinin dolmamasıdır. Universitetlər 2012-ci ildən özünümaliyyələşmə mexanizminə keçdiyindən xərclərini özləri qarşılamalıdırlar. Bu səbəbdən də plan yerlərini doldurmaq üçün ən aşağı balla belə qəbula razı olurlar.
Qeyd edək ki, tələbə qəbulu müsabiqəsində ali təhsil müəssislərinin ixtisasları üzrə formalaşmış ən aşağı keçid balı 1-ci ixtisas qrupu üzrədir. 200 bal toplayan abituriyentlər bu qrup üzrə 170-dən çox ixtisasa qəbul ola bilərlər.