Rektor Akif Hacıyev təhsil ocağını biznes obyektinə çevirib
Rüşvət və korrupsiya qalmaqallarında adı ön sıralarda hallanan ali məktəblərdən biri olan Mingəçevir Dövlət Universitetindəki vəziyyətlə bağlı bu günə qədər mətbuatda dəfələrlə yazılsa da, bu təhsil ocağında yenə də vəziyyət acınacaqlı olaraq qalır.
Bütün təhsil ocaqlarında olduğu kimi Mingəçevir Dövlət Universitetində də yaz imtahan sessiyası başlayıb. Bu isə yeni "rüşvət mövsümü"nün açılması deməkdir. Əksər ali təhsil müəssislərində olduğu kimi Mingəçevir Dövlət Universitetindəki rüşvət faktları ilə bağlı bu günə qədər mətbuatda dəfələrlə yazalıb. Buna baxmayaraq, vəziyyət düzəlmək əvəzinə, günü-gündən pisləşir.
MilliYol.Az-ın əldə etdiyi məlumata görə, rektor Akif Hacıyev imtahan mövsümü üçün xüsusi qiymət cədvəli hazırlayıb. Həmin cədvələ əsasən imtahanlardan 3 almaq istəyən tələbələr 50-60, 4 almaq istəyənlər 70-80, imtahanı əla qiymətlə bitirmək istəyənlər isə 100-120 manatdan keçməlidir.
Məlumat verən mənbələr bildirir ki, dərslərini oxuyan və imtahanlardan biliyi hesabına keçməyə çalışan tələbələr rektorun tapşırığı ilə müəllimlər tərəfindən sıxışdırılır, imtahandan kəsilir və rüşvət verməyə məcbur edilir.
Rektor həmçinin dərsə gəlməyən tələbələr üçün də "qiymət cədvəli" hazırlayıb. Belə ki, dərsdən yayınan tələbələrdən hər "qayıb" üçün 10 manat tələb olunur.
Xatırladaq ki, prezident İlham Əliyev ötən ilin iyul ayında Mingəçevir Dövlət Universitetinin (MDU) yaradılması barədə sərəncam imzaladı. Sərəncama əsasən, Mingəçevir Dövlət Universiteti Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında yaradıldı.
Bu universitetin yaradılmasında məqsəd regionda birinci olaraq innovasiya texnologiyalarından maksimum yararlanaraq regionun ehtiyaclarına uyğun kadr hazırlığının universallığını təmin edən, eyni zamanda yeni ixtisaslar üzrə kadrlara tələbatın ödənilməsi missiyasını şərəflə yerinə yetirən ali təhsil müəssisəsi formalaşdırmaq, Mingəçevir Politexnik İnstitutunda toplanmış müsbət təcrübə və ənənələri inkişaf etdirərək intelektul kapitalı gücləndirmək, ən təkmil və müasir tədris metodları və inkişaf strategiyalarını tətbiq edərək fəaliyyət sistemini təkmilləşdirməklə elm, təhsil və tərbiyə sahəsində yüksək mövqeyə nail olmaqdır. Bu məqsədə çatmaq üçün universitetin 3 fakültə və 11 kafedrasında çalışan müxtəlif elm sahələri üzrə 5 nəfər elmlər doktoru, 53 nəfər fəlsəfə doktoru, o cümlədən 31 nəfər professor və dosenti 1500 tələbənin rəqabətqabiliyyətli, dünya standartlarına cavab verən və innovasiya texnologiyalarından bacarıqla istifadə edə bilən mütəxəssis kimi yetişməsinə xidmət etməlidir.
Universitet yüksək ixtisaslı kadrlar yetişdirmək məqsədi ilə yaradılsa da, Akif Hacıyev təhsil ocağını şəxsi biznes obyektinə çevirib. MilliYol.Az-a verilən məlumatda bildirilir ki, 1 il əvvəl yaradılmış ali məktəbdə təhsil sıfır səviyyəsindədir. Akif Hacıyevin rəhbərlik etdiyi təhsil ocağı irəliyə yox, geriyə doğru addımlayır. Rektor özünə necə sərf edirsə, universiteti o cür idarə edir. Ali məktəbdə nizam-intizam qaydalarına əməl olunmur, tələbələrin dərsə davamiyyəti bərbad vəziyyətdədir. Bunun səbəbi isə Akif Hacıyevin dərslərdə iştirak etməyən tələbələrin "qaib"lərini pul qarşılığında silməsi və onları asanlıqla kursdan-kursa keçirməsidir. Bunun yaratdığı arxayınçılıq tələbələrin təhsildən yayınması ilə nəticələnir.
Məlumat verən mənbə həmçinin bildirir ki, universitetin müəllim heyəti də rektorun fəaliyyətindən narazıdır. Çünki onların maaş və məzuniyyət pulları düzgün hesablanmır. Əksər müəllimlər məzuniyyət pullarını belə ala bilmir. Buna etiraz edən müəllimlər isə işdən çıxarılmaqla, dərs saatları əllərindən alınmaqla hədələnir. Özünü universitetin sahibi hesab edən Akif Hacıyev ali təhsil oxağını diktatura qanunları ilə idarə edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...