Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.
Qaynarinfo S.Salahlı barədə dosyeni təqdim edir:
Səyyad Adil oğlu Salahlı 15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur
1972-1989-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1995: “Səs” qəzetində baş redaktorun birinci müavini vəzifəsində çalışıb. 1995-2005-ci illərdə Milli Məclisinin birinci və ikinci çağırış deputatı olub.
S.Salahlıya 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli “Fövqəladə və səlahiyyətli elçisi” diplomatik rütbəsi verilib.
2006-2010-cu illərdə Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, 2012-ci ildən isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini kimi çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı, 14 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Beş siyasi- publisistik, dörd bədii kitabın müəllifidir.
Ailəlidir, 3 övladı, 7 nəvəsi var.