Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl baş verib.
İttihama əsasən, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. "İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir.