2023-cü ildə paytaxt Bakının mənzil satışı və kirayə bazarında bahalaşma və müəyyən dərəcədə qıtlıq müşahidə olundu. Səbəb kimi mənzil sektorunda artıq uzun müddətdir ki, davam edən artım tendensiyası ölkə daxilində bu sahəyə yönəlik təşviqlərin artması, eləcə də xarici alıcı kütləsinin axını ilə birbaşa əlaqəli olduğu göstərilir.
Bəs görəsən 2024-cü ilin ilk həftələrində bu sektorda hansı tendensiya müşahidə olunur? Ötən ilə nisbətən mənzil satışı və kirayəsi bazarında hansı yeniliklər özünü göstərir?
Yenisabah.az-ın müxbiri paytaxtın müxtəlif ərazilərində mənzillərin qiyməti ilə bağlı birbaşa realtorlarla (makler) bazarın vəziyyəti ilə tanış olub.
İlk olaraq paytaxın Nəsimi rayonu, “Memar Əcəmi” stansiyası ətrafında yerləşən mənzillərin qiymətləri ilə bağlı həmin ərazidə realtor Cavanşir Tağıyev suallarımızı cavablandırdı. Realtor hazırda yeni tikilmiş binlarda və köhnə beşmərtəbə və doqquzmərtəbələrdə qiymət artımının müşahidə olunduğunu bildirib:
“Metroya yaxın mənzillərə ilin hər dövrü tələbat olur. Bu tərəflərdə mağazalar və obyektlər çox olduğu üçün bir az səs-küylü mühit var. Kirayə mənzillər daha çox rayondan işləməyə gələnlər və tələbələrə lazım olur. Tələbələr üçün bura daha yaxşı yerdi, çünki ərazidə yerləşən restoran və kafelərdə dərsdən sonra özlərinə əlavə iş yeri tapa bilirlər. Buralar ucuzluqdur, digər ərazilərdə baha qiymətə alınan bir çox şeyi “Əcəmi”də münasibət qiymətə tapmaq olur”.
O, hazırda hər mənzildə 5-10, hətta bəzən 15 faiz bahalaşmanın müşahidə olunduğunu qeyd edib.
“Məsələn, əvvəllər “novostroyka”larda 2 otaqlı tam təmirli orta mərtəbələrdə bir mənzili 120-130 min manata almaq olurdusa, indi həmin tipli mənzilləri 140-150 minə tapmaq olur. 1 və 3 otaqlı mənzillərdə də vəziyyət təxminən eynidi. Mənzilin qiymətini daha çox onu sahəsi, təmirinin olub-olmaması və mərtəbəsi müəyyənləşdirir. Qiymətlərdə bahalaşma tələbatla bağlıdır. Çox adam artıq əlində olan pulu evə, mənzilə qoyur. Çünki həm itirmək riski azdır, həm də kirayə verib qazanc götürmək olar. Yeni tikililərdə kirayələrin qiyməti otaq sayına görə 500-1000 manat arasında dəyişir Nisbətən ucuz kirayə evlər metrodan biraz aralıda, “Xutor”, “Papanin” və köhnə “xuruşovka”larda var. Amma onu da deyim ki, söküntülərin artması səbəbindən artıq çox adam köhnə həyət evi və mənzil almağa yönəlir. Bilirlər ki, plana düşəndə daha böyük və bahalı mənzil verəcəklər”.
Binəqədi rayonunda yerləşən “Dərnəgül” metrosunun ətrafında da qiymətlər sözün əsl mənasında “əl yandırır”. Bu ərazidə yerləşən daşınmaz əmlak agentliyinin əməkdaşı Səməd Cəbiyev bahalaşmanın səbəblərini bu cür izah edib:
“Dərnəgül” metrosunun yerləşdiyi 7-ci mikrorayon ərazisi həmişə öz sakit mühiti, abadlığı və ictimai nəqliyyatın rahatlığı ilə seçilib. Bura şəhərin mərkəzindən nisbətən kənar olduğu üçün maşın səs-küyü, insan sıxlığı o qədər də yoxdur. Amma açığı evlər bahadır. Bu tərəflərdə ancaq maddi imkanı daha yuxarı insanlar mənzil alamağa üstünlük verir. Nisbətən ucuz köhnə binalar və həyət evləri var, amma onlara tələbat yoxdur. Çünki burda köhnə binalar üçün söküntü hələ gündəmdə deyil, həyət evlərinin isə sənədi yoxdur. Burada ortabab (65-80 kvadratmetr) ölçülü mənzilin qiyməti əvvəllər 130-150 min manat olurdu, son 1-2 ayda 170, hətta 200 minə də təklif edənlər var. Biz vasitəçiyik, qiymətləri mənzil sahibləri təyin edirlər. Belə maraq üçün qeyd edim ki, həyət evlərinin qiymətlərində bahalaşma o qədər də yoxdur və 80-100 min manat arasında dəyişir”.
Paytaxtın Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının ətrafında və Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binalarda da bahalaşma nəzərə çarpır. Əsasən bu arazidə yerlərən mənzillərlə bağlı realtor fəaliyyəti göstərən bir neçə realtor bizə eyni məlumatı verdi, yəni qiymətlərin bahalaşdığını dedi.
“Hazırda yenitikili 1 otaqlı mənzil 100-110 min, 2 otaqlı 130-150 min, 3 otaqlı isə 150 mindən 200 min civarında dəyişir. Mənzilin sahəsindən və təmir-təminatından asılı olaraq bu qiymətlər 300-350 min manata qədər gedib çıxır. Kirayələrə gəldikdə əsasən “Elmlər”dəki universitetlərə yaxın olması səbəbindən daha çox tələbələr müraciət edir. Qiymətlər isə kriteriyalarından asılı olaraq 300-1200 manat arasındadır. Deyim ki, 2-3 aydır qiymətlərdə bahalaşma var”.