Fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək.
MilliYol.az xəbər verir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi də tələb ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 fevraldan qüvvəyə minən sərəncamda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqının ödənilməsi qeyd edilib.
Həmçinin qeyd edilib ki, avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq.