Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqama diqqət yetirəcəyik.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərar qəbul edilməsidir:
"İkincisi səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təmin verilməsi və bizim buna arxayın olmağımızdır. Səfirlik əməkdaşlarımızın və ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar ölkəyə gətirilmişdi".
Ceyhun Bayramovun sözlərinə görə, Fransa ilə münasibətlər ən aşağı nöqtədədir. O bildirib ki, Fransa tərəfindən bəzən açıq şəkildə bəyanatlar səsləndirilib, bəzən ölkəmizə qarşı özündə hədə ifadə edən açıqlamalar verilib:
"Tam məsuliyyətlə deyə bilərəm ki, müxtəlif platformalarda ölkəmizə qarşı sistemli işin arxasında dayanan əsas ölkə Fransadır. Azərbaycan buna adekvat cavab verəcək. Biz elə ölkə deyilik ki, bunu cavabsız qoyaq. Dediyim kimi, ölkəmizə qarşı ilk olaraq Fransa addımlar atıb. Nə zaman ki, Fransa səhvini anlayıb alternativ addımlar atarsa, biz də buna uyğun cavab verəcəyik".
O bildirib ki, Azərbaycan Ermənistanı bütün platformalarda ifşa etməyə davam edir:
"Azərbaycan dövləti mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə irəli aparır".
"Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil. Ekspertlər yaxşı bilirlər ki, proses belə olmur. Təxminən 1000 kv. kilometr ərazi son 3 ildə minalanıb. Bu, son illərdə baş vermiş prosesdir. Bunların xəritəsi mövcud deyil?! Bu təzyiqlər sayəsində Ermənistan özünü təmizə çıxarmaq üçün mina xəritələrini təqdim edib. Hazırda mütəxəssislər o xəritələr üzərində çalışır", deyə Ceyhun Bayramov əlavə edib.
Qeyd edək ki, Ermənistan MTX Azərbaycana 8 yeni mina xəritəsinin təqdim olunacağını vəd edib.
Nazir bildirib ki, yaxın vaxtlarda qarşı tərəfə Azərbaycanın şərh paketi təqdim olunacaq:
"Yanvar ayının əvvəlində Ermənistan tərəfindən sülh prosesi ilə bağlı şərh paketini əldə etmişik. Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq".//APA