Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib.
MilliYol.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki,2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq, 2 milyon 85 min nəfər olub.
"Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5, Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb. Bu isə ondan xəbər verir ki, Asiya ölkələrində Azərbaycan turizminə maraq yüksəlib.
Bununla belə, yenə də say baxımdan Azərbaycana gələnlər içərisində ilk üçlük qonşu ölkələrin payına düşür. Turistlərin 30 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi isə İrandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstan qapadıb.
Maraqlı məqamlardan biri də MDB ölkələrindən gələnlərin sayının 44,6 faiz, Avropa İttifaqını təmsil edən ziyarətçilərin sayının 41,6 faiz artmasına rəğmən, körfəz ölkələri turistlərinin sayında 2,1 faiz azalmanın qeydə alınmasıdır. 2023-cü ildə Azərbaycana gələn ərəb turistlərin sayı əvvəlki ilə müqayisədə azalıb.
Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan, gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər",-deyə V.Bayramov əlavə edib.