Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən, mərhum Q.Rəhimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. Belə ki, onun Cinayət Məcəlləsinin 29,178.3.2 və 32.4, 312.2-ci maddələri (bu maddələr əsasında irəli sürülmüş ittiham) hökmdən xaric edilib. Q.Rəhimovun Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona cəza təyin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə həmin maddə ilə cəzanın təyin edilməməsi nəzərə alınıb. Cinayət Məcəlləsinin 46.2-ci, 66.3-cü, 68-ci və 70-ci maddələrinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilib. Q.Rəhimov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Baş Prokurorluğunun depozit hesabına 55 806,20 manat məbləğində pul vəsaitləri qoyduqdan sonra zərərçəkmişlərdən birinə maddi ziyanı tam ödədiyindən, məhkum tərəfindən Baş Prokurorluğun depozit hesabına qoyduğu həmin pul vəsaiti məhkumun hüquqi varisinə qaytarılıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Q.Rəhimov 2008-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin və Abşeron rayon şöbəsinin Pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyib. O, çalışdığı müddətdə qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiyaya çıxmaqla bağlı müraciət edən şəxslərə qarşı dələduzluq və dələduzluğa cəhd və rüşvətə təhrik edib.
Daha sonra Q.Rəhimov vəfat edib və onun hüquqi varisi apellyasiya şikayəti verib.