Bakı Apellyasiya Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən dəstə üzvləri - Rüfət Yuzayev, onun qardaşı İbrahim Yuzayev və İlqar Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Yuzayev 11 il 6 ay, İbrahim Yuzayev 12 il, İlqar Qasımov isə 11 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, dəstə üzvləri tanınmış iş adamı Riyad Əliyevin evindən oğurluq ediblər. Oğurluq hadisəsi iş adamının Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən dördmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Əvvəldən hazırlanmış plan əsasında cinayət əlaqəsinə girən şəxslər evdən qiyməti 120 min manat olan 35 kondisioner, kombilər, elektrik kabelləri, plastik borular və digər qiymətli avadanlıqlar oğurlayıblar. Bundan əlavə, evin əşyaları sındırılaraq yararsız hala salınıb.
İş adamına dəymiş zərərin ümumi dəyəri 1 milyon manata (926 min 555 manat) yaxın olub.
Oğurluğa görə ikisi qardaş olmaqla 3 nəfər - Rüfət Yuzayev, İbrahim Yuzayev və İlqar Qasımov həbs olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Riyad Əliyev Azərbaycanda bir sıra şirkətlərə investisiya qoymuş iş adamı, “Riyad” şirkərlər qrupunun sahibi, “Azinteroil” MMC-nin investorudur.