Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit A virusu xəstəliyi yayılıb. Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir:
“Aparılan profilaktik tədbirlərlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-in əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.
Məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-a açıqlamasında bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır: “Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu Xəstəliklər Şöbəsində hazırda hepatit (sarılıq) səbəbi ilə stasionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların doqquzu qadın, beşi isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilir”.
Sakinlər isə “Sputnik Azərbaycan”a bildiriblər ki, yoluxanların çoxu Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasındadır. Xəstəxanadan isə bildirilib ki, Bakı kəndlərindən sarılığa yoluxma ilə bağlı bir müddət əvvəl müraciətlər çox olsa da, hazırda qismən səngimə var. Xəstəxanadan yoluxanların çoxunun “qaraçılar” kimi tanınan köçəri tayfa nümayəndələri olduğu, sarılığa yoluxan uşaqlar arasında sığınacaqlarda məskunlaşan uşaqların da olduğu qeyd olunub.
Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov bildirib ki, qəsəbədə uşaqlar arasında sarılıq xəstəliyi qeydə alındıqdan sonra ərazidəki yeraltı və yerüstü su çənləri boşaldılaraq dezinfeksiya olunub.
“Ərazidə yaşayan insanlara da xəbərdarlıq edilib ki, çiy su içməsinlər. Analizlər götürülərək yoxlanılması üçün göndərilib. Ehtimal olunur ki, yoluxma heç sudan yox, məktəbdə ayaqyolundan yayılıb”, - deyə bələdiyyə sədri bildirib.
Həkim-infeksionist Vasif Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, el arasında “sarılıq xəstəliyi” kimi tanınan Hepatit A virusu daha çox antisanitariya səbəbi ilə yayılır: “Bu xəstəlik zamanı əsasən yüksək hərarət, gözdə və bədəndə sarılıq, sidiyin rəngində tündləşmə, halsızlıq, ağrı, ürək bulantısı şikayətləri olur. Xəstəlik daha çox fekal-oral yolla yoluxur.
Bu virus əsasən çirkab, mənbəyi, mənşəyi bilinməyən sulardan, natəmiz yerlərdən, eyni zamanda gigiyena qaydalarına əməl edilmədiyində və yaxşı təmizlənməmiş qida məhsullarının tükədildiyi zaman yoluxa bilir.
Qeyd edim ki, bu xəstəliyə qarşı hansısa xüsusi bir müalicə yoxdur. Sadəcə, xəstə dəstəkləyici müalicə ilə sağalır. Bu xəstəlik xroniki formaya keçmir. Yəni hepatitə yoluxan bir adam təcili şəraitdə xəstəxanaya yatırılaraq müalicə edilir və tam sağalır. Sadəcə, fulminan dediyimiz ildırım sürətli hepatitə də yoluxma ola bilər ki, insanda hətta qaraciyər transplantasiyasına qədər yol aça bilər".
Vasif Əliyev qeyd edib ki, Hepatit A virusundan qorunmağın ən doğru yolu gigiyena qaydalarına əməl olunmasıdır: “Hepatitdən natəmiz yerlərdən uzaq durmaq, eyni zamanda kirli sulardan və ya çirkli meyvə-tərəvəz və digər qida məhsullarından istifadə etməməklə qorunmaq olar. Həmçinin hepatitə qarşı peyvənd vurduraraq da profilaktik olaraq bu xəstəlikdən qorunmaq mümkündür”.
Həkim-infeksionist qeyd edib ki, Əmircan və Bülbülə qəsəbələrində epidemioloji vəziyyət nəzarətə götürülməli, bu virusa yoluxanların ortaq ünvanı araşdırılmalıdır: “Çox güman ki, həmin şəxslər qonşudur və yaxud bir yerdə çalışır. Onların ortaq qida və yaxud sudan istifadə edib-etmədikləri araşdırılmalıdır. İlk növbədə mənbə tapılmalıdır”.
Məlum olduğu kimi, Bakının kəndlərində ən ciddi problem sudur. Hepatit A virusunun da sudan yarandığı deyilir. Əmircan və Bülbülə qəsəbələrinin sakinlərinin əksəriyyəti quyudan istifadə etmək məcburiyyətində qalır. Bəs bu qəsəbələrin nə qədər hissəsinə içməli su quyudan, nə qədəri isə mərkəzi mənbədən verilir?
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı “Yeni Müsavat”a açıqlamasında bununla bağlı konkret statistikanın olmadığını, lakin Hepatit A virusunun yayıldığı ilk gündən adıçəkilən qəsəbələrdə tədbirlər görüldüyünü deyib: “Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və "Azərsu" ASC-nin əməkdaşları tərəfindən şəbəkədə, fərdi yaşayış evlərində yerləşən su çənlərindən nümunələr götürülüb, onların monitorinqi və təhlili aparılıb, tərkibi öyrənilib. Heç bir halda standartlardan kənarlaşma halları aşkar olunmayıb. Qeyd etmək istərdim ki, Hepatit A virusunun yayılmasının su ilə heç bir əlaqəsi yoxdur. Həmin ərazidə yaşayan vətəndaşların iddia etdiyi kimi, suyun çirklənməsi, kanalizasiya suyunun içməli suya qarışması halları baş verməyib. Onu da qeyd edim ki, həmin əraziləri içməli su ilə qidalandıran 54 Ramana su anbarı eyni zamanda Suraxanının digər və Sabunçunun böyük bir hissəsini içməli su ilə təmin edir. Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə profilaktik tədbirlər davam etdirilir".
Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevlaxda uşaqlar arasında sarılıq xəstəliyi yayılmışdı.