Yanvarın 13-də Bakıya yağan qar onsuz da tıxac problemi yaşayan paytaxt yollarında vəziyyəti daha da dözülməz həddə çatdırdı. İlk saatlardan yolların iflic olması müşahidə olunmağa başladı. Sosial şəbəkələrdə yolların qardan təmizlənməsi, buz bağlamaması üçün duz və ya qum səpilməsi barədə çağırışlar olsa da, müvafiq qurumların bu yöndə ciddi addımları gözə dəymədi. Hər halda bir neçə gündür ki, bununla bağlı sosial şəbəkələrdə ancaq tənqidlərin şahidi oluruq.
Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu - Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması ilə bağlı tender keçirib.
Tenderin qalibi "Fidan-TN" MMC seçilib. Qurumla şirkət arasında maliyyə dəyəri 262 199,54 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə 2300 ton xam duzun alınması nəzərdə tutulub.
Nəzərə alsaq ki, 2023-cü ilin avqustundan 2024-cü ilin yanvarına qədər Bakıya qar yağmayıb, alınan bu qədər duzun hara istifadə edildiyi sual doğurur.
Duz satan "Fidan-TN" haqqında isə açıq mənbələrdə məlumatlara rast gəlinmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir.
Araşdırmalarımız zamanı məlum olub ki, "Fidan-TN" MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur.
Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb. Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və "obnoliçka” əməliyyatlarında istifadə üçün yaradılır.