Ali Məhkəmədə Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun övladları atalarının barəsindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Namiq Zeynalovun oğlanları - Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.
Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalov 12 il həbs cəzası verilib. Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.