Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, mövcud hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
MilliYol.az xəbər verir ki, müraciətdə deyilir:
"Belə ki, evdən çıxarkən, buzlu yolda piyada təhlükəsiz hərəkət etmək üçün ayaqqabılar sürüşməyə qarşı hazırlanmalıdır. Bu məqsədlə ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırmaq, altlığı qum və ya sumbata kağızı ilə sürtmək lazımdır. Buz bağlamış yerlərdə ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur. Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.
Şaxtalı və çovğunlu havada, xüsusilə dağlıq ərazilərdə mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi tövsiyə edirik. Həmçinin, nabələd məkanlara yaxınlaşmamaq və belə bir hərəkət marşrutu seçməmək, xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etmək, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib. BDYPİ-dən verilən xəbərə görə, müraciətdə deyilir:
“Əziz valideynlər:
- övladlarınızı yollarda nəzarətsiz qoymayın;
- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;
- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.
Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.
Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi isə qarlı hava ilə bağlı sürücülərə müraciət edib. BDYPİ sürücülərdən meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.