Xəbər verdiyimiz kimi, polkovnik Gündüz Əbdülov Milli Müdafiə Universitetinə rektor təyin edilib.
MilliYol.az yeni rektorun dosyesini təqdim edir:
Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub.
2000-ci ildə Türkiyədə Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.
2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi - Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirib.
Ətraflı
Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində başda NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik edib.
Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik edib.
2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub.
Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"medalları ilə təltif olunub.
Gündüz Əbdülov 29 aprel 2022-ci ildə Qarabağ Regional Təhsil İdarəsinə müdiri, 2023-cü ildə isə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri təyin olunmuşdu.
Ailəlidir, 4 övladı var.