Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb.
“Report”un xəbərinə görə, bu barədə Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində zəfərlə başa çatıb: “Vətən müharibəsindən sonra ölkəmizdə və eyni zamanda regionumuzda yeni siyasi reallıqlar yaradıb. Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunması kimi vacib amillərlə şərtlənir. Yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, həyatımızın müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir. Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı ölkəmizin qabaqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qüvvələrin də planlarını alt-üst etməkdədir”.
Agentliyin sədri bildirib ki, milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib: “2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq media forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır. Dövlət başçısı bildirib ki, “Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər”.
Ə.İsmayılov vurğulayıb ki, növbədənkənar Prezident seçkiləri də ölkənin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir: “Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlmiş, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Yeri gəlmişkən, dünən Prezident yerli televiziya kanllarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar Prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirmiş, bu mərhələni dövlətçilik tariximizidə yeni dövrün başlanğıcı adlandırıb. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcəkdir. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcəkdir”.
"Seçkilərin işıqlandırılmasında medianın rolundan danışarkən qeyd etməliyik ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırki dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqeyinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilib”, - Agentliyin sədri qeyd edib.
Ə.İsmayılov bildirib ki, Azərbaycan mediası üçün mühüm əhəmiyyət kəsb edən amillərdən biri də 2022-ci ilin fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” qanundur: “Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir. Ölkəmizdə həyata keçirilən mühüm tədbirlər ərəfəsində Azərbaycanın informasiya məkanını çirkləndirən dairələrin də fəallıqlarını artırmasının, dövlətin imicinə mənfi təsir göstərmək üçün qeyri-peşəkar və siyasiləşmiş ünsürlərin canfəşanlıq göstərməsinin dəfələrlə şahidi olmuşuq. İKT-nin imkan verdiyi texnoloji üstünlüklərdən bu cür məqsədlər üçün istifadə edilməsi təəssüf doğurmaqla yanaşı cavabsız da qalmamalı, cəmiyyətin ictimai rəyini çaşdırmağa yönəlmiş bütün cəhdlər vaxtında ifşa edilməlidir. Bu baxımdan seçkilər dövründə Azərbaycan mediasının vacib funksiyalarından biri də informasiya təhdidlərinin qarşısının alınması, doğru və operativ məlumatlarla informasiya vakumunun yaranmasına yol verməməkdir”.
"Prezident də məhz bu kimi amilləri nəzərdə tutaraq bildirib ki, “vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr verib. Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. İnanırıq ki, dövlət başçımızın bu dəyərli tövsiyələrini əsas götürən Azərbaycan mediası seçki prosesini işıqlandırarkən də növbəti dəfə öz peşəkarlıq səviyyəsini nümayiş etdirəcək”, - o vurğulayıb.