“Azercell Telekom” 2024-cü ilə yeni tariflərlə başlayaraq internet paketlərinin qiymətini artırır.
İqtisadiyyat.az xəbər verir ki, qiymət artımı yanvarın 8-də nəzərdə tutulsa da, bu müddət uzadılıb.
Belə ki, “Buraxılmış zəng” xidməti, “Azercellim” tarif paketi və “İnternet” paketləri ilə bağlı qiymət dəyişikliyi fevralın 19-dan tətbiq ediləcək.
Yenilik nəticəsində hazırda mövcud olan bəzi internet paketləri ləğv edilir və daha baha qiymətə yeni paketlər təqdim edilir.
Belə ki, 500 MB internet paketinin tarifi 3 manatdan 4 manata, 30 GB internet paketi isə 25 manatdan 29 manata qaldırılıb. 1 GB internet paketi ləğv edilib, yeni 1,5 GB internet paketi yaradılıb və qiyməti 6 manat müəyyənləşib.
10 manata olan 5 GB internet paketi ləğv edilib, əvəzində 12 manatlıq 6 GB internet paketi yaradılıb.
15 manata olan 10 GB internet paketi ləğv edilib, əvəzində 19 manatlıq 12 GB internet paketi yaradılıb.
30 manata olan 50 GB internet paketi ləğv edilib, əvəzində 39 manatlıq 55 GB internet paketi yaradılıb.
Bundan əlavə, günlük paketlərin siyahısında da dəyişiklik edilib. Belə ki, günlük 50 qəpiyə olan 100 MB internet paketinin həcmi 250 MB-yə, qiyməti isə 80 qəpiyə qaldırılıb. Günlük 1,2 manat olan 500 MB internet paketinin həcmi 1000 MB-yə, qiyməti isə 1,5 manata qaldırılıb.
Qeyd edək ki, 500 MB aylıq internet paketinə yeni qoşulmalar fevralın 19-dək dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.