Sosial şəbəkələrdə Göygöl rayonunda 17 yaşlı qızın həyatının təhlükədə olması barədə məlumatlar yayılıb.
Yayılan məlumatlarda N.M. adlı gənc qızın 40 yaşlı şəxslə yeni ailə qurması, bir müddət sonra isə başqa şəxsə qoşulub qaçması bildirilir. İddia edilir ki, qızı qardaşı axtarır və onu taparaq həyatına qəsd edə bilər. Həmçinin 17 yaşlı qızın qoşulub qaçdığı şəxsin ondan ayrıldığı deyilir.
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin Gəncə Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, barəsində bəhs edilən qız itkin düşmüş şəxs kimi axtarışda olub. Eyni zamanda o, oğurluq əməlində də şübhəli bilinir:
“Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Həmin xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Hər hansı həyati təhlükəsi yoxdur”.//qafqazinfo.az