Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Rusiyanın dəstəyi ilə İrəvanda hərbi çevriliş planına hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Karapetyanın son açıqlamaları Rusiyanın Ermənistanda hərbi çevriliş edə biləcəyi haqda xəbərdarlığıdır.
“Keçmiş müdafiə naziri Arşak Karapetyanın Moskvada Ermənistanın xilası üçün hərəkata başlamaqla bağlı bəyanatını dövlət çevrilişinə hazırlıq olaraq başa düşmək mümkündür. Arşak Karapetyan Ermənistanda deyil, ona qarşı cinayət işi başlamayıb, lakin o, Ermənistanda müxalifət hərəkatına başladığını Moskvadan elan edir. Müxalifət hərəkatının mərkəzi liderinin Ermənistanda deyil, onun hüdudlarından kənarda olması Ermənistanın daxili siyasi həyatında yeni bir hadisədir”, - nəşr yazır.
Nəşr qeyd edir ki, Arşak Karapetyanın müxalifət hərəkatına başladığını Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı keçirdiyi gün elan etməsi də təsadüf sayıla bilməz: “Moskvada olan Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyan isə tezliklə İrəvana qayıdacağını deyir və hədə-qorxu ilə “tezliklə çox şey eşidəcəksiniz” xəbərdarlığını edir. Arşak Krapetyan da Ermənistanın xilas edilməsi işini yerindəcə təşkil etmək məqsdilə İrəvana qayıdacağına söz verir. Putin də mətbuat konfransında Ermənistanla bağlı müəyyən xəbərdarlıqlar etdi”.
Qeyd edək ki, Arşak Karapetyan 2016-cı il “aprel müharibəsi”ndə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edirdi. Döyüşlərdən sonra həmin vaxt prezident olan Serj Sarkisyan tərəfindən işində verdiyi nöqsanlara görə vəzifəsindən azad etmişdi. O, 2018-ci ildə Paşinyanın inqilab hərəkatına qoşuldu, daha sonra Baş qərargah rəisinin birinci müavini təyin olundu. 2021-ci ilin avqustunda isə müdafiə naziri oldu, lakin bu postda cəmi 4 ay qaldı və vəzifəsindən uzaqlaşdırıldı.
Buna səbəb kimi Azərbaycanla sərhədin Laçın istiqamətində törədilən təxribat idi. Ermənistan mediası yazırdı ki, Kapaetyanın əmri ilə erməni ordusu bu istiqamətdə Azərbaycan ordusunun təminat yollarını kəsmək üçün əməliyyat keçirməyə cəhd göstərib, lakin adekvat addımlar nəticəsində Azərbaycan ordusu nəinki erməni qoşunlarını darmadağın etdi, hətta mövqelərini bir qədər də irəlilədə bildi. Paşinyanın onu vəzifəsindən uzaqlaşdırmasının səbəbi də bu biabırçılıq olub. Ermənilər Karapetyanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qarşısından qaçan general kimi də təqdim edirlər.