"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsidir.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. İşin mahiyyəti barədə açıq mənbələrdə məlumat yoxdur.
“Kaspi-Yıldız” yanğınsöndürmə balonların, yanğın dəsti, bir qapılı və iki qapılı yanğın qutuları istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir.
Şirkət 1996-cı ildə təsis edilib. Şirkətin təsisçilərindən biri deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Deputat seçildikdən sonra qardaşı Asif Məmmədovun “Kaspi-Yıldız”ın rəhbərliyinə keçib.
Asif Məmmədov isə 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə də Şamaxının icra başçısı olub. Daha sonra şirkətə İqbal Məmmədovun digər qardaşı Çingiz Məmmədov rəhbərlik edib. Hazırda şirkətin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur. O, İqbal Məmmədovun qardaşı oğludur.
2022-ci ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub.
İqbal Məmmədovun təsis etdiyi şirkət uzun zamandır dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunur. Adıçəkilən şirkətin dövlət büdcəsinə hazırda 9.392.839.35 manat vergi borcu var.