"Bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, işçinin pensiya yaşına qədər işdə qalması yanaşmasının dəyişməsi ağrılı qərardır.
“Biz seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik. Məzmun və keyfiyyət arasında əlaqə kiminsə əməkhaqqı və ya vəzifədən çıxması ilə bağlılıq təşkil edir”, deyə nazir əlavə edib.
Emin Əmrullayev vətəndaşların yenidən ixtisas dəyişmə və kvalifikasiyanın artırılmasının asan görünsə də, çətin proses olduğunu söyləyib. Nazir peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçidin təmin edildiyini və prosesin olduqca səmərəli olacağını vurğulayıb.//Trend