Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.
Moskvaya səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılan danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.
Onu da qeyd edək ki, Sergey Lavrov mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi haqqında açıqlaması Emənistan tərəfini məmnun etmişdi. İki nazir arasında keçiriləcək görüşdən Azərbaycan tərəfi nə gözləyir?
Deputat Aydın Mirzəzadə bildirib ki, Elmar Məmmədyarovun Rusiyaya səfəri Sergey Lavrovun bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatla əlaqədar deyil:
"Azərbaycan və Rusiya qonşu dövlətdir, strateji müttəfiq ölkələrdir və vaxtaşırı iki ölkənin rəsmilərinin səfərləri, hər iki dövlətin maraqlarına toxunan məsələlərin müzakirəsi aparılır. Azərbaycan xarici işlər nazirinin Rusiyaya səfəri hesab edirəm ki, tərəflər arası münasibətləri, həm də dünyada baş verən məsələlərin müzakirəsi üçündür. Bütün görüşlərdə mütləq Azərbaycanın işğal olunmuş torpaqlarının müzakirəsi əsas mövzulardan biridir. Rusiya həm Ermənistan, həm də Azərbaycanla yaxın münasibətləri var. ATƏT-in Minsk qrupu həmsədrlərindən biridir. Bu baxımdan, Rusiyanın bu məsələdə rolunun artırılması, məsələnin həllinə dair öz töhfələrini verməsi həmişə Azərbaycan tərəfinə arzuolunandır. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin sülh yolu ilə həllinə üstünlük verir. Düzdür, problemin sülh yolu ilə həlli mümkün olmadıqda hərb variantları məsələsində Azərbaycan və Rusiyanın fərqli mövqeyi var. Azərbaycan problemin istənilən yolla həll edilməsinin tərəfdarıdır. Aprel ayında Azərbaycanla Ermənistan arasında baş verən toqquşmalarda da torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Rusiya isə bir qayda olaraq, tərəfləri ancaq sülh yolu ilə problemin həllinə çağırır. Ancaq 20 ildən çoxdur ki, Ermənistan sülhü qəbul etmək istəmir. Bu səbəbdən də, Azərbaycanın başqa çıxış yolu qalmır".
Politoloq Hikmət Hacızadə qeyd etib ki, Məmmədyarovun səfəri iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına dairdir:
"Elmar Məmmədyarovun səfəri iki ölkə tərəf arasında münasibətləri yaxşılaşdırmaq üçündür. Azərbaycan ciddi cəhdlə çalışır ki, işğal olunmuş torpaqlar qaytarılsın. Rusiya isə Azərbaycanı Gömrük İttifaqında görmək istəyir. Azərbaycanın şərti də təbii ki, işğal olunmuş torpaqların azad olunmasıdır. Rusiya bu şərti qəbul etsə də, əmması var. Rusiya tərəfi işğal olunmuş torpaqları qaytarır bir şərtlə ki, həmin ərazilərə Rusiya hərbi sülhməramlı qüvvələri nəzarət edəcək. Bax, bu dolaşıq şərtlər arasında məsələ ortada qalıb. Azərbaycan Rusiyanın təklifi ilə razılaşmır". (qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...