"AQA Şirkətlər Qrupu" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsis sənədləri ilə bağlı qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, qalmaqal təsis sənədlərinin etibarsız hesab edilməsi səviyyəsinə çatıb və "AQA Şirkətlər Qrupu" QSC ilə onun icraçı direktoru Qafar Demirçi məhkəməyə verilib.
İddiaçılar Məmmədova Ulduz Mənsur qızı və Sadıqov Rəşad Nizami oğludur. Adıçəkilən şəxslərin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Kənan Hüseynov iş üzrə hakim təyin edilib.
Açıq mənbələrdə Rəşad Sadıqov və Ulduz Məmmədova haqqında heç bir məlumata rast gəlinmir. Bu şəxslərin şirkətin təsis edilməsində rolu olub-olmadığı bəlli deyil.
"AQA Şirkətlər Qrupu" QSC 29 yanvar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Nəzərov Qurban Kamal oğludur. "AQA Şirkətlər Qrupu" QSC-nin təsisçisi Aydın Demirçidir. Qafar Demirçi onun oğludur.
Bu şirkət Azərbaycanın ən iri biznes subyektlərindən hesab edilir.
"AQA Şirkətlər Qrupu" QSC-nin fəaliyyəti çoxşaxəlidir. Şirkət inşaat, maliyyə və digər qeyri-neft sahələrində əhəmiyyətli paya malikdir. "Demirçi Tower", "AGA Center", "Caspian Plaza", "Caspian Business Center", "Ariana Business Park" kimi biznes mərkəzləri, "Caspian Audit", "Ferrum Capital" və BOKT "City Finance" kimi maliyyə sahəsində fəaliyyət göstərən şirkətlər "AQA Şirkətlər Qrupu" QSC-yə daxildir.
Şəkinin Bideyiz, İnçə, Cunud, Biləcik, eləcə də Qaxın Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığında fındıq bağları salan "Monte Ferro" MMC də "AQA Şirkətlər Qrupu" QSC-yə bağlı şikətdir. Bu şirkətin qanuni təmsilçisi Hikmət Bağmanov eyni zamanda "AQA Şirkətlər Qrupu" QSC-də icraçı direktorun müavini vəzifəsini tutur.
"AQA Şirkətlər Qrupu" QSC-nin təsis sənədləri ilə bağlı problemin təfərrüatları bəlli deyil.